Xəbər lenti

Ekspertdən tələbələrlə bağlı təklif: Yataqxanalar pulsuz olsun!
Ölkə 19:05 13.09.2024

Ekspertdən tələbələrlə bağlı təklif: Yataqxanalar pulsuz olsun!

"Sumqayıt Dövlət Universitetində 500-dən yuxarı bal toplayan tələbələrə yataqxanalar pulsuzdur. Bu gözəl addımdır. Bu addımı digər universitetlər də atmalıdır".

Bunu Qaynarinfo-ya təhsil eksperti Elçin Əfəndiyev deyib. 

Ekspert hesab edir ki, yataqxanalarda tələbələrin qalması üçün onların ödədiyi ödəniş 70 manat həddini aşmamalıdır:

"Nəzərə alsaq ki, təhsil alan tələbələrin hər biri təqaüd almır və bunların maliyyə imkanlarını valideynlər qarşılayır. Bütün tələbələr işləmir. Ona görə də yalnız təqaüd alan tələbələr, o cümlədən valideyn hesabına təhsil alan tələbələr nəzərə alınır. Yataqxana qiymətləri tələbələr üçün əlçatan olaraq təyin olunmalıdır".
 


Elçin Əfəndiyev əlavə edib ki, hazırda bununal bağlı dövlət tərəfindən tədbirlər proqramı hazırlanır:

"Bir neçə il sonra tələbə şəhərciyi formalaşanda gələcəkdə tələbələrin kirayə evlər istiqamətində indiki kimi çətinlik çəkməyəcəyini demək olar.  Onlar tələbə şəhərciyində rahat qala biləcəklər, eyni zamanda bəzi universitetlər də həmin şəhərciklərin ətrafında formalaşacaq. Bu gələcək üçün nikbin bir mənzərə sərgiləyir. Kirayə evlərdə aylıq ödənişlər çox yüksəkdir. Ona görə də universitet rəhbərləri yataqxanaların qiymətlərini kirayə evlərin qiyməti həddinə qədər qaldırmamalıdırlar".

Ekspert hazırda ölkədə fəaliyyət göstərən təhsil müəssisələrinin hər birinin yataqxanasının olmadığını vurğulayıb:

"Elə universitetlər var ki, onların yataqxanaları mövcud deyil. Bakıda 5-10 ali təhsil müəssisəsinin yataqxanaları onların öz ixtiyarındadır, qalanlarının isə yataqxanaları olsa da, Ermənistanın işğalı nəticəsində ərazilərimizdən didərgin düşən vətəndaşlarımız həmin yataqxanalarda yerləşiblər. Tədricən işğaldan azad olunan ərazilərdə evlər tikildikcə artıq həmin yataqxanalarda məskunlaşmış köçkünlər öz doğma torpaqlarına qayıdır. Bundan sonra həmin yataqxanalar tələbələrin ixtiyarına veriləcək. Amma hazırda Bakı Dövlət Universiteti, Tibb Universiteti, Texniki Universitet, Bakı Mühəndislik Universiteti və eləcə də bir çox ali təhsil müəssisələrində yataqxanalar mövcuddur. Həmin universitetlərin də yataqxana qiymətləri tələbələr üçün əlçatan olmalıdır".

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->