Xəbər lenti

Dövlət özəl məktəblərdə oxuyanların təhsil haqqlarının bir hissəsini ödəyə bilərmi? (ŞƏRH)
Ölkə 17:11 21.12.2023

Dövlət özəl məktəblərdə oxuyanların təhsil haqqlarının bir hissəsini ödəyə bilərmi? (ŞƏRH)

Bu gün Bakıda özəl təhsil müəssisələrinin sayı durmadan artır. Bununla yanaşı, sinifdən-sinifə keçən şagirdlərin də illik təhsil haqqlarında artım müşahidə edilir. Valideynlər özəl təhsil müəssisələrində qiymətlərin yüksək olması ilə bağlı narazılıqlarını dilə gətirirlər. Onların əksəriyyəti özəl müəssisələrdə təhsil haqlarının çox yüksək olduğunu bildirirlər. 

Valideynlər son iki ildə təhsil haqqlarının yarıbayarı qalxdığını qeyd ediblər. Hətta bəzi valideynlər təhsil haqqlarının bir qisminin dövlət tərəfindən qarşılanması təklifi ilə çıxışlar edirlər. Bəs, dövlət özəl təhsil müəssisələrində oxuyan şagirdlərin təhsil haqqlarının bir hissəsini qarşılaya bilərmi? 
 
Milli Məclisin sabiq deputatı Şahlar Əsgərov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu gün Azərbaycanda özəl təhsil müəssisələrində təhsil alanlar itirilmiş şagirdlər hesab olunur:


  
"Konistitusiyada nəzərdə tutulub ki, Azərbaycanda təhsil dövlət dilində olmalıdır. Azərbaycanda özəl məktəblərin açılması qanunla qadağan deyil, bu vacibdir. Amma özəl məktəblərdə başqa dillərdə - ingilis, fransız, alman dilində təhsil vermək düzgün deyil. Bu, milli mənafeyə zidd məsələdir. Başqa dillərdə təhsil alıb, həmin məktəbləri bitirən şəxslər itirilmiş şəxslər hesab olunur. Onların 100-dən 70-i xarici ölkəyə gedəcək. Bu, həm də milli təhlükəsizlikə bağlı məsələdir”. 

Təhsil eksperti Elçin Əfəndiyev isə qeyd edib ki, əgər söhbət özəl təhsil müəssisələrində təhsil alanlardan gedirsə, dövlət heç bir halda ora ödəniş etməz və bu doğru da deyil:
 


"Seçim vətəndaşındır. Dövlət pulsuz təhsil verir. Vətəndaş öz istəyi ilə özəl və ödənişli təhsilə üstünlük verirsə, o zaman dövlət bu prosesdə heç bir halda iştirak edə bilməz. Valideyn düşünməlidir ki, əgər mən övladımın özəl məktəblərdə təhsil almasını istəyirəmsə, onun xərclərini də qarşılamalıyam. Dövlətdən bu mövzuda nəsə  ummaq düzgün deyil. Bu özəl təhsil müəsissəsidir. Onlar özlərini maliyyələşdirir, dövlət onların heç  birinə maliyyə ayırmır. 

Dövlət deyir ki, təhsil almaq istəyirsənsə, məktəblərim açıqdır, təhsil müəssisələri var, istədiyin birində təhsil ala bilərsən. Dövlət təhsil müəssisələrində hər bir şagird üçün müvafiq xərci çəkir. Özəl təhsil müəssisələrində uşağını oxutmağa imkanı çatmayan valideyn onu çıxarıb dövlət təhsil müəssisəsinə köçürə bilər. Düşünmürəm ki, bununla bağlı dövlət büdcəsindən hər hansı maliyyə ayrıla bilər. Əgər belə bir şey olsa, onda hamı uşağını dövlət təhsil müəssisəsindən çıxardıb özəl təhsil müəssisəsinə qoyar. Deyəcək ki, dövlət pul ayırırsa niyə mənim uşağım yaxşı məktəbdə oxumasın”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->