Valideyin himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunacaq.
Bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Sosial xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanuna təklif edilən dəyişikliyə əsasən, həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaq.
Komitə sədri Musa Quliyev Trend-ə bildirib ki, həmin şəxslər 18 yaşına çatdıqdan sonra sosial xidmət müəssisələrindən çıxırdılar və ev alana qədər çox vaxt çətin vəziyyətdə olurdular, yəni kirayə haqqı verə bilmirdilər.
"İndi həmin şəxslər də çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq. Eyni zamanda, onları daha tez siyahıya salıb mənzillərlə təmin etmək mümkün olacaq”, - deyə o əlavə edib.
Şərhlər