Bu gün "Kəpəz”in düşdüyü durum heç şübhəsiz ki, gəncəli azarkeşlər üçün xoşagələn deyil. Bəlkə bu səbəbdəndir ki, hər oyun komanda üzərində böyük təzyiqlər hiss edir. Hətta əvvəlki matçlarda rəhbərlik istefaya da çağırılmışdı. Üstəlik komandanın uzun müddətdir qələbə qazana bilməməsi də futbolçuların əhval-ruhiyyəsinə yaxşı təsir etmir. Bəs baş məşqçi Azər Məmmədov komandasını bu durumdan necə çıxarmağı düşünür?
Gəncəli mütəxəssis Qaynarinfo-ya açıqlamasında problemlərdən, qarşıdakı planlardan danışıb:
"Əlbəttə, turnir cədvəlində sonuncu yerdə olmağımız bizi sıxır. Açığı, sıxıntımız təkcə bu deyil. Neçə oyundur qələbə qazana bilmirik, təsirsiz ötüşmür. Psixoloji effekti böyükdür. Çalışırıq ki, komandanı psixoloji cəhətdən hazırlayaq. Bizə bir qələbə lazımdır. Dünən istirahət etdik, bugündən məşqlərə başlamışıq. Çalışacağıq "Turan Tovuz”la oyunda yaxşı hazırlaşmaqla qələbə qazanaq”.
Məmmədov üzərlərində ən böyük təzyiq yaradan amillərin nə olduğunu da deyib:
"Ən böyük təzyiq Premyer Liqadan düşmə ehtimalıdır. Komandamız üçün çox böyük təzyiqdir. "Kəpəz” kimi komanda aşağı dəstəyə düşərsə, bu ağır olar”.
Veteran futbolçu Gəncə şəhər stadionunun təmirə bağlanması səbəbindən əzəli rəqibləri olan "Turan Tovuz”un meydançasında keçirdikləri matç haqda təəssüratlarını bölüşüb:
"Deməzdim tovuzlu azarkeşlər təzyiq edirdi. Əksinə, düşünürəm ki, Tovuzda keçirəcəyimiz ev oyunlarımızda tovuzlu azarkeşlər məhz bizi dəstəkləyəcək. Çünki hər ikisi qərb zonasının komandalarıdır. Nə qədər olmasa da klublarımız bir-birinə istiqanlıdır. Sözsüz, oyun baxımından prinsip var və "Turan Tovuz”la oynasaq, əlbəttə, rəqib azarkeşlər öz komandalarını dəstələyəcək. Ancaq yəqin ki, digər klublarla matçda tovuzlu azarkeşlər bizi dəstəkləyəcək. Bu bizim üçün müsbət haldır. Həmçinin, Bakıdan uzaq məsafə qət edib gələn klublar həqiqətən səfərə çıxdıqlarını hiss edəcəklər”.
Keçmiş müdafiəçi komandasının uzun müddətdir qələbə qazana bilməməsinin səbəbləri haqda sualı da cavablandırıb:
"Kəpəz” üçün Premyer Liqadan düşmə ehtimalı ən böyük təzyiqdir. Açıq etiraf edim, Gəncədə keçirdiyimiz oyunlarda azarkeşlərin də təzyiqi olurdu. Üstəlik evdə xeyli vaxtdır qələbə qazanmamağımız… Bunlar insan üçün böyük təzyiqdir. Məsuliyyəti mən, futbolçular da dərk edir. Əlbəttə, belə durumda oynamaq asan deyil. Çünki bu gün Azərbaycanın futbol ictimaiyyəti Premyer Liqanı tərk edəcək ən real namizəd kimi "Kəpəz”i görür. Həm də keçən ildən bəri komandamızda köklü dəyişikliklər olub. Yeni futbolçular gəlib. Onların bir-birinə həm meydançada həm də ondan kənarda futbol, eləcə də insani keyfiyyətlər baxımından uyğunluğu üçün bizə vaxt lazımdır. Bundan sonra uğur da olar”.
"Kəpəz” transfer pəncərəsində ard-arda futbolçular alsa da, belə tələskənlik birmənalı qarşılanmadı. Maraqlıdır, baş məşqçi bu mənada səhv edəcəyindən narahat olmur ki?
"Etiraf edim, transferlərdə səhvə yol vermək ehtimalı qaçılmazdır. Böyük klublarımız da səhvlər edirlər. Tələsik qərar vermədik. Nəzər salsaz, görərsiniz ki, pəncərə bağlanana yaxın, hətta ondan sonra da futbolçu almışıq. Transfer büdcəmiz elədir ki, hansısa transferdə səhvə yol versək, bizim üçün ağır maliyyə itkisi olar. Düzdür, deməzdim ki, transferlərimizin hamısı idealdır. Ola bilər haradasa yanlışlığa yol vermişəm. Zaman harada yanlış addım atdığımızı göstərəcək. İndi düşünürəm ki, normal və büdcəmizə uyğun legionerlər transfer etmişik. Əslində istəyirdim ki, iki-üç nəfər legionerə xərcləyəcəyimiz pulu toplayıb Əhməd Ayzayaya verək ki, komandadan getməsin. Ancaq təklif etdiyimiz pul onun komandada qalması üçün kifayət olmadı. Futbolun reallığı var, futbolçu ömrü qısadır. Harada daha çox pul verirlərsə, oraya getməlidir. Biz də onu saxlaya bilmədik, getdi "Qəbələ”yə. Onu tanıdığım üçün komandada saxlamaq istəyirdim. Nəticədə aşağı büdcə ilə transferlər həyata keçirdik. Keçən ildən də dörd legioner qalıb. Azərbaycanlı futbolçularımız da düşünürəm ki, pis deyil, normaldır. Ümumilikdə səhv etmirəmsə, 10 legionerimiz var, ikisi qapıçıdır. Açığı, komandamda legioner qapıçı olmasını istəməzdim. Təəssüflər olsun ki, azərbaycanlılar başqa klublara üz tutdular, biz də məcburən legioner gətirdik. Onun da tam şəkildə özünəinamı yoxdur. Bu səbəbdən daha bir legioner qapıçı aldıq”, deyə Azər Məmmədov bildirib.
Nəticələr ürəkaçan olmadığı üçün "Kəpəz”ə öz azarkeşlərindən də təzyiqlər var. Hətta, onlar iki yerə bölünüb demək olar. Yəni, Məmmədovun baş məşqçi postunda olmasını heç də hamı yekdilliklə qəbul etmir. Digər tərəfdən rəhbərliyi də istefaya çağıranlar mövcuddur. Bunlar nə dərəcədə düzgündür?
"Sözsüz, kənardan futbolçulara atılan replikalar, istefa şüarları, azarkeşlərin "filankəsi çıxart” kimi göstəriş verməsi əlbəttə, futbolçulara təsir edir. Ümumiyyətlə həyatda insanın yaxşı və pis günləri olur. Ən yaxın adamlar pis gündə tanınır. Yaxşı gündə hamı yaxşı olur. Durumumuz yaxşı deyilsə, səmimi azarkeşlər "Kəpəz”in yanında olmalıdırlar. Tənqid olar, amma futbolçulara qarşı təhqir başadüşülən deyil. Pis vaxtlarımızda da dəstək görmək istəyirik. Yoxsa komandanın üzərinə daha çox gedəndə bunu təzyiq kimi hiss edirik”, deyə baş məşqçi vurğulayıb.
"Sizi komandanın başında görmək istəyənlərin, yoxsa istəməyənlərin daha çox olduğunu düşünürsüz" sualına Azər Məmmədovun cavabı belə olub:
"İnşallah bunu özündənrazılıq kimi qəbul etməzsiniz. Düşünürəm ki, məni komandanın başında görmək istəyənlər daha çoxdur”.
Səbuhi Həsənov
Şərhlər