Azərbaycanın "Express Baku” voleybol klubunun direktoru, ömrünün 44 ilini ölkədə voleybolun inkişafına həsr etmiş təcrübəli mütəxəssis, Əməkdar Məşqçi İntizar Məmmədova Voleybol Federasiyasından (AVF) şikayət edib. Mütəxəssisin şikayəti AVF-nin onun rəhbərlik etdiyi komandaya diqqətsizliyi, əziyyətini dəyərləndirməməsi və 9 aydır əməkhaqqı almaması ilə əlaqədardır.
Qaynarinfo-ya açıqlamasında AVF-yə sərt ittihamlar səsləndirən Məmmədova haqqını tələb etdiyini bildirir:
"Mən 1978-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının voleybol üzrə məşqçilik fakültəsini fərqlənmə diplomu ilə bitirmişəm. 20 il ölkəmizin ali məktəblərinin birində bədən tərbiyəsi və idman kafedrasında baş müəllim, 2001-2010-cu illərdə "Azərneft” voleybol klubunda təlimatçı kimi çalışmışam. 2011-2014-cü illərdə Azərbaycanın kişilərdən ibarət voleybol üzrə millisinə rəhbərlik etmişəm. 2014-cü ildə "Express Baku”nu Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevin göstərişi ilə yaratmışam və klubun direktoruyam. İstedadlı gənclərin voleybola cəlb olunmasında zəhmətim az olmayıb. Rəhbərlik etdiyim "Express Baku” voleybol klubu 8-9 ildir ki, Azərbaycan çempionatında çıxış edir. Klubun tərkibində daim gənc və perspektivli oyunçular olub. 2022-ci ilin iyulunda AVF-nin iclasında "Express Baku”nun növbəti oyun mövsümündə iştirak etməyəcəyi fikri kiminsə tərəfindən səsləndirilib. Əlbəttə, mən həmin iclasa dəvət olunmamışdım və onların bu qərarını başqa insanlardan eşitdim. Voleybol Federasiyasının rəsmilərinin bu qərarının əsl motivi mənə gün kimi aydındır – onların başlıca məqsədi, "Express Baku”nu yenidən dağıtmaq (bu artıq sayca dördüncü təxribat idi) və oyunçuları "oğurlamaq” idi”.
O, AVF-nin prezidenti Cavid Qurbanovla görüşmək istəsə də, bütün səylərinin boşa çıxdığını deyir:
”2022-ci ilin avqust-sentyabr ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində qəbula yazılmağıma baxmayaraq, Cavid Qurbanov məni nə qəbul etdi, nə də qulaq asdı. Bununla əlaqədar dörd ay müddətində dəfələrlə federasiyada oldum, vitse-prezident Faiq Qarayevlə, baş katib Fərid Xəlilovla görüşdüm. Lakin mənə yalnız bir söz deyilirdi: "pul yoxdur". Onların sözlərinə görə, Cavid müəllim yalnız iki klubu – "Azərreyl” və "Murov”u, həmçinin Federasiyanı saxlaya biləcəyini, qalan klublara isə pul ayırmaq fikrində olmadığını deyir. Federasiyadan təklif etdilər ki, "Ekspress Baku” bu mövsüm Birinci Liqada oynasın. Bilirsiniz niyə? Çünki Birinci Liqaya ümumiyyətlə, pul ayrılmır”.
Təcrübəli mütəxəssis oyunçuların "oğurlanması” məsələsinə də aydınlıq gətirib. O, hələ keçən il klubları Superliqa oyunlarında çıxış edərkən, bütün məşqçlərin oyunçuları böyük maraqla izlədiyini bildirir:
"Ümumiyyətlə, həmişə belə olub. Azərbaycan çempionatının istər Birinci Liqa, istərsə də Superliqa yarışlarında iştirak edərkən, 15-16 oyunçumuz meydançada görünürdü və hər kəsdə təəccüb, maraq yaranırdı ki, İntizar xanım bu qədər oyunçunu hardan tapa bilib? Keçən mövsüm Superliqa yarışları başa çatdıqdan sonra iki oyunçumuz – Rəşad Əliyevlə Ələsgər Mustafayev millinin heyətinə dəvət olundular və bir müddət təlim-məşq toplanışında iştirak etdilər. İndi həmin oyunçular və əlavə daha 3 nəfər mənə məlumat verilmədən "Neftçi”yə aparılıblar. Həmin 5 oyunçudan ikisinin boyu 200 sm-dir. Azərbaycan voleybolunda neçə belə ucaboylu oyunçu var? Daha bir voleybolçum isə razılığım olmadan ”Xarıbülbül”ə getdi. Məsələ ilə əlaqədar, dəfələrlə Neftçi İdman Sağlamlıq Mərkəzinin rəhbəri Sadıq Sadıqova müraciət etdim və oyunçularımın bu şəkildə aparılmasına öz etirazımı bildirdim. Çünki oyunçunun bir klubdan digərinə keçməsi reqlament ilə nizamlanır. Əlbəttə, sözügedən hadisələrin bu cür qeyri-qanuni şəklidə cərəyan etməsində AVF-nin da böyük günahı var. Çünki onlar öz yazdıqları və qəbul etdikləri reqlamentə hörmət etmirlər. Bu oyunçu "oğurluğu” deyilsə, bəs nədir?"
Mütəxəssis onun klubuna qarşı qərəzli mövqe sərgiləndiyini də bildirir:
"Uzun illər bu oyunçularla işləmişəm. Hətta əmək haqqı almadığım dövrlərdə belə həmin oyunçuları klubda saxlamağı bacarmışdım. 8 il iştirak etdiyim çempionatda, klubumuza ayrılan vəsait çox cüzi olub və bu, ancaq 3-4 mövsümü əhatə edib. Təsəvvür edin, mənə ayrılan vəsait 2019-2020-ci il oyun mövsümündə cəmi 4000 manat olub. İndi Cavid Qurbanovdan soruşuram: Azərbaycanda hansı kollektiv idman növündə bu məbləğə klub maliyyələşdirilir? Xahiş edirəm sualımı cavablandırın. Hazırda AVF-də vəzifə tutan rəhbər işçilərin əmək haqları 5000 manatdır. Yeganə klub rəhbəri mənəm ki, mütəxəssis və Azərbaycanın Əməkdar Məşqçisi olmağıma rəğmən, 9 aydır əmək haqqından məhrum ediblər. "Azərreyl”in prezidenti Dağıstan Hüseynov, "Murov”un rəhbəri Zaur Musayev, "Abşeron”un prezidenti İlkin Qasımov, federasiyanın 70 yaşlı vitse-prezidenti Əbülfəz Hüseynov, həmçinin adlarını çəkmək belə istəmədiyim başqa şəxslər Cavid Qurbanovun qohum-əqrəbası, yaxın adamlarıdırlar və Azərbaycan voleyboluna heç bir aidiyyatı olmayan insanlardır. Onların əksəriyyəti banklardan, restoranlardan, nə bilim, barlardan AVF-yə dəvət olunur və yüksək əmək haqqı alırlar. Belə qənaətə gəlmək olur ki, Qurbanov AVF-ni maliyyələşdirmək adı altında, sadəcə, öz qohum-əqrəbasını saxlayır. Təkcə yuxarıda qeyd etdiyim şəxslərin əmək haqlarını bir yerə toplasaq, 3 klubu maliyyələşdirmək mümkündür”.
İntizar xanım AVF-nin baş katibi Fərid Xəlilovun özünə yüksək maaş yazdığını da deyir:
"Əvvəla, qeyd edim ki, onu heç kim baş katib vəzifəsinə seçməyib. Xəlilovun da voleybola heç bir aidiyyatı yoxdur. Onun adamı Azərbaycan Dəmir Yolları QSC-nin sədr-müavini Vüsal Aslanovdur. Xəlilov məhz bu insanın vasitəsi ilə AVF-nin baş katibi vəzifəsinə gəlib. Avropa ölkələrinin voleybol federasiyalarında baş katib vəzifəsini icra edən şəxslər ictimai əsaslarla işləyirlər. Avropada bu qədər yüksək əmək haqqını vitse-prezidentlər belə almır. Orada əsas güc, yəni maliyyə vəsaitləri klublara yönləndirilir. Çünki uşaqlar, yeniyetmələr, gənclər klublarda yetişir və sonradan milli komandalarda formalaşırlar. Bizdə isə bu tam əksinədir. Soruşa bilərsiniz, mən bunları hardan bilirəm? 2011-2014-cü illərdə kişilərdən ibarət yığmamıza rəhbərlik edərkən, dəfələrlə Avropanın müxtəlif şəhərlərində keçirilən tədbirlərdə olmuşam. Görüşdüyüm insanlarla ünsiyyət qurmuşam, ölkə federasiyaları və klublar haqqında məlumat toplamışam. Yeri gəlmişkən deyim ki, AVF-nın baş katibi Xəlilov bu vəzifəni ələ keçirdikdən sonra özünə 5000 AZN maaş təyin edib. Hətta sürücüsünə təyin etdiyi əmək haqqı, bizim voleybol federasiyasının bəzi əməkdaşlarının məvacibindən qat-qat yüksəkdir. Federasiyaların baş katibləri adətən bütün təşkilati işləri aparan, demək olar, bu qurumların "çalışan beyinləri” hesab olunur. Onlar qurumlarda bütün problemləri həll edən, hər bir məşqçi, oyunçu və klub rəhbərinə öz kömək əlini uzadan şəxslərdirlər. Fərid Xəlilov isə ancaq öz mənfəətini güdür. Belə olmasaydı, o, özünə maliyyəçi adı qoyaraq, klublara ayrılan pullarla şəxsi problemlərini həll etməzdi. "Murov” və "Azərreyl” "Çağırış Kuboku”na qatıldılar. Amma mübarizəni tez dayandırmalı oldular. Hər bir klubun, istər "Çağırış Kuboku”, istərsə də CEV kubokuna qatılmaq haqqı var. Buna zəmin olmalıdır. Federasiya rəhbərliyi maliyyənin kifayət qədər olmamasını əsas gətirirsə, bəs nəyə görə işlər bu qədər qeyri-peşəkarcasına icra olunur? "Murov” və "Express Baku”nu maliyyə cəhətdən müqayisə etsək, dəhşətli fərqlə üzləşərik. "Murov”a hər ay 150000 AZN pul ayrılır. Bizim kluba isə bir qəpik belə dəstək göstərilmir. Bunun hansı səbəbdən baş verdiyini gəlin analiz edək.
Mən "Murov”un işi ilə yaxından tanışam. Bu vaxta qədər klubda bir nəfər oyunçu yetişdirilməyib. Hər mövsüm yüksək maliyyə ilə təmin olunmalarına baxmayaraq, onlar oyunçu yetişdirmək marağında deyillər. Yüksək əməkhaqqı, ən yaxşı şərait və daha çox vəsait hesabına illərdir ki, bu klubun məşqçiləri başlarını girələyirlər. Məqsədləri hər zaman xarici ölkələrdən oyunçu gətirmək və bu oyunçuların hesabına çempionatın medallarını qazanmaq olub. "Çağırış Kuboku”nda da işlər ancaq bu istək üzərində qurulub. Qonşu ölkələr, istər Rusiya, istər Türkiyə və həmçinin Avropa ölkələri "Çağırış Kuboku”nda gəncləri, 17-18 yaşlı oyunçuları cəlb edirlər. Bizdə isə 30-35 yaşlı kişiləri meydançaya çıxarmaqla sensassiya yaratmaq istǝyirlər. "Çağırış Kuboku”nda iştirak etmək üçün "Murov”un rəhbərliyi tərəfindən xarici ölkələrdən dəvət olunmuş yararlı və yararsız oyunçuların hər biri ilə 4000 manat məbləğində imzalanmış müqavilələri, onların icazəsi üçün beynəlxalq qurumlara ödənilən rüsumları, yol, ev və yemək xərclərini, sonradan dəvət olunan daha "peşəkar” oyunçular üçün çəkilən xərcləri nəzərə alsaq, görərik ki, külli miqdarda vəsait göyə sovrulur və dağıdılır. Bu qədər səriştəsiz qurulmuş işlərin nəticəsində "Murov” "Çağırış Kuboku”nda öz çıxışını yarımçıq dayandırmalı oldu”.
Keçmiş voleybolçu maliyyə vəsaiti üçün klub rəhbəri kimi digər qurumlara da müraciət ünvanladığını deyir:
"Hələ sentyabrın əvvəllərində maliyyə məsələsi ilə əlaqədar bir neçə iş adamına məktub vasitəsilə müraciət etdim. Lakin nəticəsiz qaldı. "Express Baku”nun tərkibinin əsasən yeniyətmə və gənc oyunçulardan ibarət olmasını nəzərə alaraq, Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevə də məktub göndərdim. Həmin məktubda klubumuzun üzvləri arasında həm yuxarı sinif şagirdləri, həm də ali məktəbin 1-ci, 2-ci kurs tələbələri olduğunu nəzərə çatdırdım. Amma mənə bildirildi ki, nazirliyin xərclər smetasında sponsorluq məqsədi üçün vəsait nəzərdə tutulmayıb. Həmin məktubu alandan sonra, belə qənaətə gəldim ki, cənab Əmrullayev Azərbaycan Basketbol Federasiyasının prezidenti vəzifəsini icra edir. Heç bir basketbol klubu Cavid Qurbanova məktub yazıb, ondan köməklik istəmirsə, mənim də Əmrullayevdən umacağım nə ola bilər ki? Noyabrın əvvəlində Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbovun qəbulunda oldum. 2 həftə sonra nazir müavini Mariana Vasilyeva da məni qəbul etdi. Həm Fərid müəllim, həm də Mariana xanımın yanında olarkən, onlara ailə durumumun və mənzil şəraitimin ağır olması barəsində məlumat verdim. Həmçinin klubun problemi haqqında da onları məlumatlandırdım. Mənzil şəraitimin ağır olması ilə əlaqədar hələ 2022-ci ilin fevralında cənab prezident İlham Əliyeva məktub göndərmişdim. Həmin məktubda, Azərbaycan idmanında 44 illik zəhmətimin olduğunu və mənzil şəraitimin yaxşılaşdırılması üçün köməklik göstərilməsini xahiş etmişdim. Fərid müəllimin qəbulunda olarkən, Prezident Administrasiyasından köməklik göstərilməsi üçün nazirliyə daxil olan məktub barəsində onlar artıq məlumatlı idilər. Ancaq nə fayda? Nə klubuma vəsait ayrıldı, nə də mənzil şəraitim yaxşılaşdırıldı. Cənab nazir qəbulda əyləşmiş bütün komissiya üzvlərinin yanında mənə bildirdi ki, Faiq Qarayev kimə desə, mənzili ona verəcəyik. Həqiqətən belə oldu”.
Məmmədova Cavid Qurbanova açıq şəkildə suallarını da ünvanlayır:
"Son sözümü, əlbəttə ki, AVF-nin prezidenti Cavid Qurbanova və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə demək istərdim. Qurbanova demək istərdim ki, Azərbaycan Voleybol Federasiyasına prezident seçildiyiniz 6-7 il ərzində siz gənc klub olan "Express Baku”nun nə oyunçuları, nə məşqçilərinin problemləri ilə əfsuslar olsun ki, heç vaxt maraqlanmamısınız. Halbuki, bu, federasiya prezidenti olaraq vəzifə borcunuz idi. Yazdığım məktublar, müraciətlər cavablandırılmadı. Əksinə, Sizin adamlarınız tərəfindən mənə qarşı olan təzyiqlər getdikcə daha da şiddətlənirdi. Bugün də həmin vəziyyət davam edir. Yaddan çıxarmayın, nə mən, nə də oyunçularım erməniyik. Sizin qohum-əqrəbanız və adamlarınız AVF-də yaxşı vəzifədədir, qazandıqları pullar sayəsində istədikləri kimi yaşayırlar. Lakin elə fikriləşməyin ki, başqa voleybol mütəxəssislərinin işi əla gedir. Tutduğunuz prezident vəzifəsini icra edə bilmirsinizsə, oradan ayrılın. İnanın, bu, təkcə mənim deyil, Azərbaycan voleybol ailəsinin çoxdankı arzusudur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edib demək istərdim ki, mən uzun illər öz işimi sədaqətlə və qüsursuz şəkildə icra etmişəm. 44 illik zəhmətimin qarşılığında gördüyüm yeganə mükafat, "Əməkdar məşqçi” adı olub. Buna görə də mərhum nazirimiz Azad Rəhimova minnətdaram. Rəhbərlik etdiyim klubun oyunçuları öz vətənpərvərliyi ilə həmişə seçilib. 44 günlük Vətən müharibəsində klubumuzun yetirməsi Rzayev Laçın Daxili Qoşunların, Elvin Hidayətzadə isə Milli Ordunun tərkibində böyük döyüş yolu keçərək medallarla təltif olunublar. Voleybolda olduğum 44 il ərzində gənclərlə işlədim, onları vətənpərvər ruhda tərbiyə etdim. Vətən sevgisi aşıladım və buna nail oldum. Yuxarıda qeyd etdiyim iki yetirməm buna bariz nümunədir. Təəssüf ki, bu illər ərzində yalnız və yalnız haqsızlıqlarla qarşılaşdım, aldadıldım”.
Səbuhi Həsənov
Şərhlər