Xəbər lenti

AQTİ halal sertifikatlaşdırmaya başlayır -
Ekonomiks 15:45 29.05.2024

AQTİ halal sertifikatlaşdırmaya başlayır - "İşbaz"ları nə gözləyir?

"Bir var iş görən insan, bir də var işbaz. Bu gün isə işbazların sayı çoxdur. Ona görə də bu işbazların qarşısını almaq üçün halal sertifikat məsələsinin gündəmə gəlməsi çox faydalı olacaq".  

Bunu Qaynarinfo-ya qida məsələləri üzrə ekspert Ağa Salamov Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun halal sertifikatlaşdırma prosesinə başlamasını şərh edərkən deyib. 

Ağa Salamov bildirib ki, Azərbaycanda müsəlmanların sayı faiz nisbəti ilə daha çoxluq təşkil edir:

"İnsanlar da istəyir ki, halal sertifikatla təsdiqlənmiş məhsulların sayı çox olsun. Mənşəyi məlum olmayan məhsullardan çox həmin məhsullara üstünlük versinlər. Ona görə də kim halal adı ilə fəaliyyət göstərirsə, həmin müəssisəyə AQTA-nın nəzarəti altında baxış keçirilməli, audit aparılmalıdır. Hələ bir müddət öncə Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi reyddə kolbasaların halal olmadığı və bəzilərinin də içərisində olan ətin üstünə yazılanla uyğun gəlmədiyi aşkarlanmışdı". 

O ki, qaldı hazırda bu prosesin başlanmasına, AQTİ özü bu müəssisələrə hansı şərtlər altında icazə veriləcəyini müəyyənləşdirəcək:
 


"Məsələn, kəsim, saxlanma şəraiti, ətin halal olması və s. Bütün şərtlərə uyğun yerlər də halal sertifikatı ilə təmin edilməlidir". 

"İnsanların bunu birmənalı qarşılamamasına gəlincə, soruşmaq istəyərdim ki, başqa nə istəyirlər? Bir qurum bunu üzərinə götürür, əgər götürməsə nə olacaqdı? Halal sertifikat məsələsi gündəmə gəlməsə nə olacaqdı? Yediyimiz məhsulların halal olub-olmadığını hardan biləcəkdik? Ona görə də halal sertifikatlaşma ilə bağlı atılan addım çox gözəldir, dəstəklənməyə və təqdirə layiqdir", deyə həmsöhbətimiz əlavə edib.

Ağa Salamov deyib ki, bundan sonra artıq hər şey rəsmi olacaq:

"Çünki bu proses başlayandan sonra yalandan kolbasanın üstünə yaza bilməyəcəklər halaldır və ya hansısa din adamı gəlib buna baxaraq rəy verdi və s. Rəsmi sertifikatlaşma olacaq ki, bəli, bu kolbasanın əti də, içində olan inqridiyentlər də, kəsimi də bəllidir və s. Onlar yəqin ki, dini qurumlarla sinxron işləyəcək, bu sertifikatlar veriləndə düşünürəm fikirləri öyrəniləcək".

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu halal sertifikatlaşdırma prosesinə start verib. Sertifikatlaşdırma prosesinin təşkil olunması məqsədilə Sertifikatlaşdırma, Qərəzsizlik və Şikayətlər üzrə komitələr formalaşdırılıb.

Günay İlqarqızı

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->