ABŞ Rusiyanı silah istehsalında istifadə oluna bilən mallara çıxışdan məhrum etmək üçün ikinci dərəcəli sanksiyaları kökündən sərtləşdirmək niyyətindədir. Vaşinqtonun fikrincə, Rusiya iqtisadiyyatı indi müharibə vəziyyətinə keçdiyindən, təkcə hərbi-sənaye kompleksi müəssisələri ilə bağlı deyil, həm də sanksiyalar altında olan bütün təşkilatlarla ticarət axınının qarşısını almaq lazımdır.
Qaynarinfo "Financial Times”a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar bu həftə ikinci dərəcəli sanksiyalar proqramının dördqat genişləndirilməsini elan edəcək.
Onlar indi təkcə müdafiə şirkətləri deyil, Rusiyanın istənilən sanksiyaya məruz qalmış qurumu ilə əməliyyatlar aparan istənilən xarici maliyyə qurumuna şamil edilə
bilər.
Əgər prezident Co Baydenin dekabr fərmanı ABŞ-da Rusiya hərbi sənayesi ilə əlaqəli hesab olunan təxminən 1200 müəssisənin maraqları və ya adından əməliyyatları qadağan edirdisə, indi sayı 4500-dən çox olan, demək olar, bütün sanksiyaya məruz qalan təşkilatlarla əməliyyatlar məhdudiyyət altına düşəcək.
Yəni onların sayına hətta Ukraynadakı müharibəni dəstəkləməklə bağlı olmayan səbəblərə görə sanksiyalara məruz qalan şirkətlər, məsələn, ən böyük dövlət bankları Sberbank və VTB daxil olacaq.
Vaşinqtonun fikrincə, dekabrda ikinci dərəcəli sanksiyaların tətbiqi artıq öz nəticəsini verib. Bu il Çinin aparıcı bankları, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanın maliyyə təşkilatları Rusiya müştəriləri ilə işləməkdə daha seçici olublar, məhsulların sanksiya altında olan hərbi müəssisələrə çatmayacağını təsdiqləyən sənədlər tələb etməyə, ödənişləri həftələr, hətta aylarla gecikdirməyə və çox vaxt onları həyata keçirməkdən imtina etməyə başlayıblar. Xüsusilə Rusiya idxalçıları üçün Çin bankları ilə münasibətlərdə vəziyyət çətinləşib. Fevral ayından bəri Çinə göndərilən ödənişlərin yalnız 15%-i alıcılara uğurla çatıb.
Buna görə də Vaşinqton təzyiqləri artırmaq niyyətindədir. "Bu, ABŞ-ın Rusiyaya müharibə aparmağa kömək edən Çin banklarına qarşı sanksiyalar tətbiq edə biləcəyi hüquqi bazanın gücləndirilməsi kimi qiymətləndirilə bilər. ABŞ Maliyyə Nazirliyi bunu nəzərə alacaqlarına ümid edir. Amma nə vaxtsa həqiqətən də eskalasiya etməli və onlardan birinə qarşı sanksiyalar tətbiq etməli ola bilərik”, - Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin ticarət və sanksiyalar üzrə eksperti Emili Kilkriz deyir.
Nizami Bağırov
Şərhlər