Xəbər lenti

ABŞ məhkəməsi Pelosininin ərinə hücum edən şəxsə 30 il iş kəsdi
Dünya 17:35 18.05.2024

ABŞ məhkəməsi Pelosininin ərinə hücum edən şəxsə 30 il iş kəsdi

San-Fransisko məhkəməsi 2022-ci ildə ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin evinə girərək ərini yaralayan kanadalı Devid DePeypi 30 il həbs cəzasına məhkum edib. 

Bu barədə Qaynarinfo "Reuters”ə istinadən xəbər verir.

2023-cü ilin noyabrında andlılar heyəti DePeypi federal məmuru qaçırmağa cəhddə və federal məmurun yaxın qohumuna hücumda təqsirli bilib. İttiham tərəfi onun 40 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, bir sıra sui-qəsd nəzəriyyələrinin tərəfdarı olan DePeyp 26 oktyabr 2022-ci il tarixdə səhər saatlarında Pelosinin evinə soxulub. Məhkəmə zamanı o, Nümayəndələr Palatasının sədrini girov götürmək istədiyini, lakin o, evdə olmadığını etiraf edib. DePeyp sonda əri Paulla qarşılaşıb və çəkiclə ona hücum edib.

DePeyp cinayəti törətdiyi yerdə saxlanılıb. Hadisə nəticəsində Paul Pelosi (o zaman onun 82 yaşı var idi) kəllə sümüyünün sınığı və digər xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hökmdən əvvəl Nümayəndələr Palatasının keçmiş spikeri DePeypin "çox uzunmüddətli" cəzaya məhkum edilməsini istəyib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->