Nizami rayonu, Əli Vəliyev küçəsi 5 ünvanındakı 2 bloklu binanın lift problemi hələ də həllini tapmayıb.
Bu barədə Qaynarinfo-ya binanın sakinləri bildirib.
Onların sözlərinə görə, problem mediada işıqlandırıldıqdan sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları liftlərə baxış keçirib.
"Nazirliyin əməkdaşları da gördü ki, bu liftlərə minmək təhlükəlidir. Hətta bununla bağlı akt da tərtib etdilər. Eyni zamanda bizə tövsiyyə verdilər ki, liftlərdən istifadə etməyək", deyə sakinlər bildirib.
Sakinlər əlavə edib ki, problemin həllinə gəlincə, FHN-nin əməkdaşları binanın Müdafiə Nazirliyinin balansında olduğunu əsas gətirib məsələyə müdaxilə edə bilməyəcəklərini deyiblər:
"Dedilər ki, biz heç nə edə bilmərik. Çünki bina Müdafiə Nazirliyinin balansındadır. İndi biz nə edək? Binada yaşlı, xəstə adamlar yaşayır. Özü də yuxarı qatlarda. Onlar liftdən istifadə etmək məcburiyyətindədirlər. Amma liftlərə minmək mümkün deyil. Hər iki blokda quraşdırılan liftlər qəzalı vəziyyətdədir. Bu gün faktiki olaraq 70 ailənin həyatı təhülkədədir", deyə sakinlər vurğulayıb.
Şikayətçilər deyib ki, bundan əvvəl də "Lifttəmir" İstehsalat Birliyinə və FHN müraciət ediblər:
"Həmin vaxt da bizə dedilər ki, bina Müdafiə Nazirliyinin balansında olduğu üçün liftləri dəyişə bilməzlər. Biz də Müdafiə Nazirliyinə müraciət etdik. Oradan isə bildirdilər ki, binada artıq hərbçi yaşamır. Belə demək mümkünsə, dolayısı ilə bu binanın artıq nazirliyi maraqlandırmadığını dedilər. Ona görə də biz məsələni ictimailəşdirdik ki, müvafiq qurumlar tədbir görsünlər. Amma yenə də bizə Müdafiə Nazirliyi nişan verilir. Belə çıxır ki, təhlükə olsa da, nazirlik işə qarışmasa heç bir tədbir görməyəcəklər".
Sakinlər yenidən müdafiə naziri Zakir Həsənova müraciət edərək ondan yardım istəyirlər:
"Cənab nazir, ümidimiz Sizədir. Xahiş edirik ki, bizi bu təhlükədən xilas edəsəniz. Əgər binada hərbçi yaşamırsa, o zaman nazirliyin balansından çıxarılsın. Yaxud da nazirlik məsələyə müdaxilə edərək müvafiq qurumların liftləri dəyişməsini təmin etsin".
Seyid
Şərhlər