"Etibar Məmmədov hansı gün siyasətə qayıtdığını elan etsə, elə həmin gün də layiqli cəzasını alacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Politoloq bildirib ki, əgər Etibar Məmmədov nə vaxtsa siyasətə qayıtsa, ilk olaraq biznesini itirəcək:
"Etibar Məmmədov zamanında siyasətdən getdiyini bəyan edib. Bundan sonra yalvardı, ona gəlirli biznes sahəsində bir yer ayrıldı. Dedilər, ev tikib sat, kvadrat metrini 1500 manatdan satarsan. O gündən Etibar bizneslə məşğuldur və əli pulla oynayır. Ümidi var ki, nə vaxtsa siyasətə qayıdacaq, yağlı tikə olan dövlət vəzifələri, büdcə, neft və s. qamarlayacaq. Onun iştahı böyükdür, mənasız bəyanatlar verir ki, "hakimiyyəti milli qüvvələrə vermək lazımdır”. Hansı milli qüvvələrdən söhbət gedir? Unudur ki, artıq zaman dəyişib, indi o dövr deyil. Daha xalqın etibarından istifadə edə bilməyəcək".
Zərdüşt Əlizadə deyib ki, Etibar Məmmədovun siyasətə qayıtmasına imkan verməzlər:
"Birincisi, dediyim kimi, biznesini itirə bilər. Əslində, bu, onun özünün biznesi deyil, "ənam" verilib. Sonra onu təqaüdə bağlaya bilərlər. O da firavan həyata, pula öyrəşib. Ona görə də nə yardan doyur, nə də əldən qoyur. Etibar Məmmədov qayıdıb nə edəcək, xalqa nə deyəcək? Nəyi var ki, nə də desin? Bu günə kimi xalq üçün nə edib? 20 Yanvar faciəsində, dövlət çevirişlərində rolunu, milli ordu quruculuğuna vurduğu ağır zərbələri xatırlayın, dövlətin təməlinin sarsırdılmasına xidmət edən əməllərini xatırlayın. Ümumiyyətlə, onun hansı biliyi, bacarığı var ki, xalqa nəsə desin?! Əminəm ki, bunlar boş söhbətlərdir, Etibar heç yerə qayıtmayacaq".
Politoloq hesab edir ki, 1998-ci il geri qayıtsa, o zaman Etibar Məmmədov da siyasətə qayıdar: "Lakin Etibarın qatarı çoxdan gedib. Azərbaycan siyasətində ona yer qalmayıb. Qoy, elə öz biznesi ilə məşğul olsun”.
Bahar Rüstəmli
Şərhlər