22 mayda Avrupa İttifaqının rəhbəri Şarl Mişelin təşəbbüsüylə Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən görüş sərhədlərin demarkasiyasının həyata keçirilməsinin təmin edilməsində mühüm addım hesab edilir. Prezident Əliyevin Türkiyə Prezidenti R.T.Ərdoğanla görüşün nəticələrini müzakirə edərkən Zəngəzur dəhlizinin açılmasıyla bağlı razılığa gəlindiyini bəyan etməsi medianın diqqətini çəkib. Türkiyə ilə Azərbaycan arasındakı quru bağlantısının bərpası istiqamətində bu dəhlizin açılması önəm kəsb edir. 44 günlük Qarabağ müharibəsinin yekunu kimi imzalanan 10 Noyabr müqaviləsinin ən önəmli maddələrindən biri də şübhəsiz Zəngəzur dəhlizinin açılmasıyla bağlı idi. Görünən odur ki, belə bir dəhlizin açılması tək Azərbaycan və Ermənistanın marağında deyil. Türkiyə, İran, Rusiya kimi qonşu ölkələr, habelə, Çin, Avropa və ABŞ belə bir dəhlizin açılmasına bu və ya digər dərəcədə maraq göstərir.
Məsələni Qaynarinfo-ya şərh edən iqtisadçı ekspert Natiq Cəfərli qeyd edir ki, dəhlizin açılmasında hər bir dövlətin özünəməxsus maraqları mövcududr:"Zəngəzur dəhlizinin açılması bütün qonşu və bəzi uzaq ölkələrin özünəməxsus maraqları ilə uzlaşır. Bütün iştirakçı ölkələr dəhlizin açılmasının sürətlənməsində maraqlıdır. İlk növbədə, dəhlizin açılması Azərbaycanla Türkiyəni birləşdirəcək. Bundan başqa, Ankaranın Azərbaycan üzərindən Orta Asiya ölkələrinə çıxışı təmin olunacaq. Loqistika daha tez və ucuz başa gələcək. Azərbaycan isə loqistik mərkəz rolunu oynadığından əlavə divident və vəsait qazanacaq”.
Ekspert belə hesab edir ki, dəhliz sanksiyalar altında olan İrana da əlavə dividentlər qazandıra bilər:"Koridorun açılışı uzun illərdir sanksiyalar məngənəsində yaşayan ölkəyə yeni loqistik xətlərə çıxış imkanı əldə etmək imkanı verir ”.
N.Cəfərli deyir ki, Ermənistandakı iqtisadi və hərbi maraqlarının təmini baxımından sözügedən dəhliz Moskva üçün də sərfedicidir: "Hazırda bu istiqamətdən yükdaşımaların həyata keçirilməsi üçün Rusiyanın Gürcüstandan başqa alternativi yoxdur. Yeni koridor bu mənada Rusiyadan Ermənistana həm dəmiryolu, həm də avtomobil yollarının açılması anlamına gələcək. Bu dəhliz Ermənistana da sərf edir. İrəvan bu yoldan istifadə etməklə şərq, qərb, şimal və cənub istiqamətlər üzrə əlavə yol şəbəkəsi əldə edəcək”.
Ekspert bildirir ki, burada müəyyən problemlər də mövcuddur:”Bakı ilə Ankara dəhlizin açılışına israr etdikcə, Rusiya və Ermənistan əvəzində Azərbaycandan müəyyən güzəştlər qoparmaq istəyir. Problem məhz bu nöqtədə düyünlənir. Ona görə də Azərbaycanın İranla danışaraq Zəngəzur dəhlizinin cənub qonşumuza aid hissədən keçməsinə qərar verməsi doğru yanaşmadır. Çünki Ermənistan üzərindən keçəcək dəhliz açılsa belə, istənilən halda ona alternativ olmalıdır ki, bir ölkədən asılı vəziyyətə düşülməsin”.
Həmsöhbətimiz Zəngəzur dəhlizində Qərb və Çinin nə qazana biləcəklərinə də aydınlıq gətirdi: "Yeni loqistik dəhlizlərinin açılmasında Avropa Birliyi və Çinin də marağı var. Avropa, ABŞ və Çin istənilən halda böyük ticarət tərəfdaşlarıdır. Onlar arasında illik qarşılıqlı ticarət dövriyyəsi 1 trilyon dollardan çoxdur. Bu səbəbdən də alternativ yolların olmasında həmin ölkələr də maraqlıdırlar”.
Rüfət Sultan
Şərhlər