Xəbər lenti

Yığmamızın məşqçisi valideynin narazılığını normal sayır: “Kim formadadırsa…”
İdman 14:42 09.06.2023

Yığmamızın məşqçisi valideynin narazılığını normal sayır: “Kim formadadırsa…”

Azərbaycanda uşaq futbolunda problemlər çoxdur. Təbii ki, belə olan halda milliyə layiq futbolçular da müşkül məsələyə çevrilir. Ancaq bir də oğlunun yığmaya dəvət almamasına görə narazılıq edənlər var. 

"Qarabağ”ın U-19 komandasının futbolçusu Ağabəkir Həşimovun atası Sənan Həşimov da narazılıq edənlərdən biridir. O, oğlunun yığmaya çağırılmamasına görə millinin məşqçilərini günahlandırır. 

Qaynarinfo-ya danışan Həşimov hücumçu mövqeyində çıxış edən övladının qollar vurmasına baxmayaraq, diqqətdən kənarda qalmasından narahatdır:

"Oğlum Ağabəkir Həşimli "Qarabağ”ın U-19 komandasında oynayır. Futbola "Səbail”in aşağı yaş qruplarında başlayıb, sonra "Zirə”yə ordan da "Qəbələ”yə getdik. Orada bir mövsüm ərzində 26 qol vurdu. Bombardirlər sırasında ikinci oldu. Təhsillə əlaqədar Bakıya qayıtdıq, o da "Qarabağ”da oynamağa başladı. Ancaq U-19 millimizin baş məşqçisi Aqil Nəbiyev onu yığmaya dəvət etmir. Aqil ancaq özününküləri çağırıb heyəti yığır. Soruşanda da deyir ki, Ağabəkirdən güclüsü var. Yaxşı, bəs bu nə vaxt inkişaf edəcək, milliyə çağrılacaq? Azərbaycan millisi bir nəfər üçündürsə, digərləri nə etməlidir? Futbolu atmalıdır? Uşaqla maraqlanmırlar, sonra da yığmada inkişaf istəyirlər. Özüm taekvondo müəllimiyəm. Amma həm də bir valideynəm. Uşağımın məhz Aqil Nəbiyevə, bir də Fərid Namazova görə psixoloji durumu pozulub. Gəncdir, 17-18 yaşı var, bəs milliyə düşmək üçün nə etməlidir? Nə bilim, adam əsəbiləşir, inanın, uşağımı futbola yönəltdiyimə çox peşmanam. Aqil cəmi bir dəfə dəvət göndərdi. Sonra onunla mədəni şəkildə söhbətləşdik, müzakirələr apardıq. Amma bir müddət sonra yenə uşaq kənarda qaldı. İnsanıq, bilmədən kiminsə haqqını yeyə bilərik. Robot deyilik axı. Mənim də səhvim olub. Ancaq bilərəkdən etmək düzgün deyil. Yoxlasınlar, fiziki durumuna görə oğlum hansısa uşaqdan zəif olsa, onu geri çəkərəm. Azərbaycanda potensiallı futbolçular çoxdur. Hamıya şans versinlər də. Oğlum hücumçudur, bu mövsüm "Qarabağ”da 14 qol vurub. Nə Aqillə, nə də Fəridlə aramızda şəxsi intriqa olub. Bir-birimizə aqressiya göstərməmişik. Bilmirəm uşağımı yığmaya çağırmamalarının səbəbi nədir. Bu gün oğlumun irəli getməsi üçün nə lazımdırsa, etməyə hazıram. Hətta onun üçün şəxsi fiziki hazırlıq üzrə məşqçi də tutmuşdum. Hardasa 8 ildir futbol oynayır. Bu müddət ərzində fərdi futbol müəllimi də tutmuşdum. Atletika məşqlərinə göndərmişəm. İstəmişəm ki, gələcəkdə heç bir çatışmazlığı olmasın”.
 


Təbii ki, millimizin baş məşqçisindən də narazılıqlara münasibətini öyrəndik. Nəbiyev açıqlamasında bunları normal qəbul etdiyini, kim hazırdırsa, onları çağırdığını dedi:

"Hər bir valideynin buna haqqı var. Seleksiya vaxtı onu iki dəfə yığmaya dəvət etmişəm. Bu gün vaxt məhdudiyyəti var. Avropa Çempionatında oynayacağıq. Kimlər formadadırsa, onları toplanışa dəvət etmişəm. Müqayisə baxımdan danışsaq, "Turan Tovuz”un akademiyasından çıxan Sadiq Şəfiyev var, komandasında əsas heyətdə oynayır. Digər hücumçumuz "Qəbələ”nin əvəzedicilərində daimi əsas heyət üzvüdür. Üstəlik U-19 liqasının bombardiridir. Ağabəkiri formada olduğu vaxt dəvət etmişəm. Ancaq bu gün o, hazır olmadığı üçün digərlərinə dəvət göndərmişəm. Hazırda yığmaya çağırdığımız hücumçulara daha yaxşı formada olduğu üçün üstünlük vermişik. Hər toplanış vaxtı oyunları izləyirik, kim formadadırsa, onları cəlb edirik. Millinin qapısı hamı üçün açıqdır. Formada olan istənilən futbolçunu sevə-sevə milliyə dəvət edirik. 2005/2006 təvəllüdlü futbolçuların hamısını tanıyırıq, nəzarətimizdədir. Hamısı bizim övladlarımızdır”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->