Mahir Emreli Polşa "Legiya”sına gedəndə ümidlərimiz, belə demək mümkünsə, xeyli fışqırmışdı. Şübhəsiz, hamımız çox sevinirdik. Sevinirdik ki, azərbaycanlı futbolçulardan nəhayət, Avropada normal kluba gedən oldu.
Qitənin az-çox tanınmış klublarında bizim də futbolçumuzun olması əlbəttə, Azərbaycan futbolu üçün çox faydalıdır. Yetər ki, ələ düşən şansdan maksimum istifadə etməyi bacarasan. İnsafən Mahir "Legiya”da heç də pis çıxış etmirdi. Orada oynadığı qısa müddətdə qollar vurdu, Polşa klubunun azarkeşlərinin sevimlisinə çevrilməyi bacardı. Artıq onun oyunu skautlar tərəfindən ciddi şəkildə izlənilirdi, futbolçunun daha yüksək səviyyəli çempionatlara gedib orada özünü sübut edəcəyinə inam da artırdı. Ta ki, "Legiya” rəhbərliyinin məsuliyyətsizliyi və komandanın azarkeşlərinin vəhşiliyindən (həmin vaxt baş verənləri ancaq bu cür adlandırmaq doğru olar) sonra Xorvatiya çempionatı təmsilçisi Zaqreb "Dinamo”suna transfer olunana qədər…
Yadımdadı, Mahir hələ "Legiya”da çıxış edərkən bir dəfə klubun İnstaqram səhifəsində canlı yayım vasitəsilə ona ünvanlanan sualları cavablandırmışdı. İstedadlı hücumçuya həmin vaxtlar Polşada böyük maraq var idi və sualların çoxluğu da bunu göstərirdi. Söhbət zamanı xoşladığı 5 klubun hansı olması ilə bağlı danışarkən, "Qalatasaray", çünki gənc vaxtlarımda ilk olaraq, bu komandanın matçlarını izləmişəm. "Barselona"nı oyun tərzinə görə bəyənirəm. Digərləri isə "Mançester Siti", "Bavariya" və PSJ-dir. Çempionatlardan isə La Liqanı sevirəm. Amma açığı, İngiltərə Premyer Liqasını da qeyd etməliyəm” - sözlərini söyləmişdi. Millimizin hücumçusu "2025-ci ildə özünüzü harada görürsünüz" sualına isə maraqlı şəkildə cavab vermişdi: "Əlbəttə, bu, beş klubdan birində. Həyat gözlənilməzdir. Məqsədim inkişaf etmək və dünənkindən daha yaxşı olmaqdır".
2025-ci ildə dünyanın top-klublarında çıxış etmək istədiyini söyləyən Emrelinin cavabı təbii ki, Azərbaycanda da maraqla qarşılandı və müxtəlif reaksiyalar verildi. Hər futbolçunun belə arzusu var və normaldır. Məsələn, Afrikanın hansısa az tanınmış ölkəsindən böyük klublara gedənlər və məşhurlaşanlar tapılırsa, dünyaya "futbol ölkəsi” kimi təşhir edilən Azərbaycanda hansısa futbolçunun bu cür xəyallara qapılması da normaldır. Bu xəyalların reallığa çevrilməsi üçünsə addımlar atmaq lazımdır. Bəs Mahir Xorvatiyada nə ilə yadda qaldı? Zaqreb təmsilçisinin formasında 13 oyuna çıxan hücumçu 3 qol vurdu. Lakin baş məşqçi Ante Çaçiç ondan istifadə etmək fikrinin olmadığını dəfələrlə göstərmişdi. Baxmayaraq ki, bəzi açıqlamalarında Emreli haqda müsbət fikirlər səsləndirirdi. Görünən odur ki, futbolçunun performansından razı qalmadığı üçün mütəxəssis ona güvənmədi. Hər halda məşqçi də yaxşı formada olan oyunçulara yer vermək və nəticə qazanmaq istəyər. Zədəsini sağaldandan sonra Mahir açıqlamalarında normal formada olduğunu deyirdi. Bəs onun "öz üzərində işləmək” məsələsi nə qədər yetərlidir? Görünən odur ki, yetərli deyil…
Onun "Konyaspor”a transferi çox şeydən xəbər verir. Məsələn, ondan xəbər verir ki, PSJ-də Mbappe, Messi, Neymar, "Bavariya”da Kinqsli Koman, Tomas Müller, "Mançester Siti”də Erlinq Haland və ya "Barselona”da Robert Levandovski ilə rəqabət aparmaq istəyən hücumçu sadəcə utopiyadan danışırmış. Çünki yavaş-yavaş üzü bəri gəlir. Bu, həm də onu göstərir ki, "Dinamo” futbolçumuzun komanda üçün faydalı olmadığını düşünür və ondan canını qurtarmaq niyyətindədir. Konya klubu isə Mahiri hələlik mövsümün sonuna qədər icarəyə götürüb, lakin bu müddət uzana bilər. Təbii ki, futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə. Yəni, futbolçunun "qabında” nəsə olduğunu görsələr. Ya da "Dinamo” onu daha ucuz qiymətə satmağa razılaşsa, top-çempionatlara iddialı Mahir Türkiyə Superliqasında ortabab bir komandada başını girələmək imkanı qazanacaq. Amma insafən, onun "Qalatasaray” arzusu reallaşa bilər.
Hə, siz nə fikirləşirsiniz? Hələ 2 il vaxt var. Düşünürsünüz ki, Avropaya güc-bəla ilə "qovduğumuz” hücumçu o dediyi top-klublarda oynamaq potensialına malikdir? Axı "Legiya”da olanda çoxları belə düşünürdü. Şara isti hava dolduranda daha yüksəklərə uçar. Yoxsa, şar partlayıbmı?
Səbuhi Həsənov
Şərhlər