Türkiyədə keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca siyasi səhnədə hərəkətlilik də artır. Tərəflər hazırda öz tərəfdarlarını müəyyənləşdirməklə məşğuldurlar.
Hakimiyyətdə olan qüvvə indi sanki bir qədər sükuta qərq olub. Belə ki, indiki məqamda müxalifətin cəmləşdiyi "altılı masa”nın aktivlik nümayiş etdirdiyi hiss olunur. CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyinin irəli sürülməsi fonunda müxalif düşərgədə sanki canlanma başlayıb. Bir sıra qüvvələr "altılı masa”nın namizədinə dəstəklərini ifadə edirlər.
Son günlər Məmləkət Partiyasının sədri Məhərrəm İncənin də "altılı masa”ya qatılacağı haqda iddialar səslənir. "Oda TV”nin məlumatına görə, Cümhuriyyət Xalq Partiyasının (CHP) toplantısında Kılıçdaroğlu İncənin ittifaqa qatılmasına "yaşıl işıq” yandırıb. İncə özü hələlik qəti söz deməsə də, hər halda Kılıçdaroğlunu dəstəkləyə biləcəyinə işarə vurub.
Eyni zamanda, HDP-nin keçmiş həmsədri Səlahəddin Dəmirtaş da həbsxanadan siyasi partiya liderlərinə və CHP sədri Kamal Kılıçdaroğluna çağırış edib. O, "Twitter"dəki paylaşımında xalqı və siyasi təşkilatları Kamal Kılıçdaroğlunun ətrafında birləşməyə səsləyib.
Belə bir vəziyyətdə Türkiyədə seçkilər ərəfəsi qüvvələr nisbəti kimin xeyrinə olacaq?
Politoloq Taleh Əliyev bu qənaətdədir ki, müxalifətin toparlanmasına baxmayaraq, yenə də Ərdoğan qalib gələcək:
"Bir neçə ay öncə "altılı masa”nın namzədinin kim olacağını söyləyərkən, Kamal Kılıçdaroğlunun vahid namizəd olması ehtimalının böyük olduğunu demişdim. Artıq bu baş verib. Kürd partiyası olan HDP-ni də əslində "altılı masa”ya daxil olmadan onların koalisiyasında yer aldığı bildirilirdi. Amma Məhərrəm İncənin "altılı masa”ya dəstək olacağı inandırıcı görünmür. Çünki bir gün öncə o, CHP-nin mövqeyini tənqid edən açıqlama ilə çıxıb edib.
Lakin bununla belə, HDP-nin etnik toplum olaraq "altılı masa”ya dəstəyi daha böyük olar, nəinki İncənin. Onun geniş elektoral dəstəyi olsaydı, çoxdan "altılı masa”da təmsil olunardı.
Aydındır ki, 14 may seçkiləri əvvəlki illərdə olan seçkilərlə müqayisədə daha ciddi məzmun alacaq. Prosesin gedişi göstərir ki, "altılı masa” özünü nə qədər toplaya bilsə də, Ərdoğanın mövqeyi daha sabit görünür. Hesab edirəm ki, müxalifət təzyiqi artırsa da, 14 maydan sonra da Türkiyənin Prezidenti yenə də Ərdoğan olacaq”.
Rüfət Sultan
Şərhlər