Xəbər lenti

Türkiyədə seçki hazırlığı: Ərdoğan yenidən qalib gələ biləcəkmi?
Dünya 19:00 24.10.2022

Türkiyədə seçki hazırlığı: Ərdoğan yenidən qalib gələ biləcəkmi?

Türkiyədə prezident seçkiləri ilə bağlı sorğu keçirilib. Qardaş ölkənin hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan sorğuda birinci olub. 

"MetroPoll”un təşkil etdiyi seçki sorğusunda 42,1 faiz səs toplayan Ərdoğan bütün rəqiblərini geridə qoyub. O, rəqibi olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu 19,6 faiz üstələyib. Bundan əlavə, Mənsur Yavaş 16,9 faiz səs toplayıb, Əkrəm İmamoğlu isə siyahıda yer almayıb. 

Rəyi soruşulan respondentlərin 42 faizi prezident seçkilərində Ərdoğana səs verəcəkləri bildirib. 23 faiz respondent Kılıçdaroğlunu, 17 faiz Yavaşı, 12 faiz isə HDP-nin namizədini dəstəkləyəcəyini açıqlayıb. 

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən siyasi şərhçi Kənan Rövşənoğlu bildirib ki, mövcud gedişaat Ərdoğanın hakimiyyəti qoruyub saxlayacağını göstərir: 



"Türkiyədə siyasətçilər arasında Ərdoğan favoritdir. Düzdür, son aylarda onun səsində müəyyən azalma var idi, amma hətta bununla belə Ərdoğan digər siyasətçilər və mümkün namizədləri arxada qoyur. Uzun illərə dayanan iqtidar təcrübəsi, xarizmatik lider olması və administrativ imkanlar onu hələ də ən güclü edir. 

Ərdoğan üçün yeganə ciddi problem iqtisadi vəziyyətdir. Amma Ukrayna müharibəsi və rusların Türkiyəyə axışması "sıcak para" problemini qismən həll elədi. Avropadan və Rusiyadan qaçanlar sərvətləri ilə birlikdə Türkiyəyə köcür. Bu isə Türkiyə üçün əlverişlidir. Amma ümumilikdə iqtisadi vəziyyətin pisləşməsi, inflyasiya hələ də AKP hökuməti üçün risk mənbəyidir. 

Ərdoğanın bu məsələdə ümidi müxalifətədir. Başqa sözlə, əgər müxalifət seçkilərə qədər ciddi bir koalisiya və güclü bir namizəd cıxara bilməsə, Ərdoğanın iqtidarını qoruyub saxlaması çətin olmayacaq. Amma o da var ki, həm daxildə, həm də xaricdə Ərdoğanın getməsini istəyən ciddi qüvvələr var. Onlar birləşsə, o zaman seçkilərə qədər ciddi hadisələr ola bilər. Bunun da nəticəsi seçki prosesinə təsir edə bilər. Lakin hazırkı gedişat Ərdoğan iqtidarının güclü olduğunu və bu şərtlərdə seçkilərə gedərsə qalib gələcəyini göstərir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->