"Türkiyədə müxalifətin prezidentliyə namizədi kimi hələlik üç nəfərin adı çəkilir - CHP başqanı Kamal Kılıçdaroğlu, İstanbul Bələdiyyə başqanı Əkrəm İmamoğlu və Ankara Bələdiyyə başqanı Mansur Yavaşdır. Çox güman ki, namizəd də elə bu 3 nəfərdən biri olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Müsavat başqanı Arif Hacılı fevralın 13-də "Millət İttifaqı”nın prezidentliyə namizədinin açıqlanmasından danışarkən deyib. Başqan bildirib ki, "Millət İttifaqı”nın namizədinin kim olması çox mühim məsələdir:
"Böyük ehtimalla may ayında keçiriləcək prezident seçkilərinin taleyi xeyli dərəcədə bu ittifaqın namizədinin kim olmasından asılıdır. Bəzi proqnozlar var ki, sürpriz namizədlər də ola bilər. Fikrimcə, namizəd adını çəkdiyim 3 nəfərin sırasından seçiləcək”.
Arif Hacılı Türkiyədəki siyasi partiyalarla çox yaxşı əlaqələrinin olduğunu vurğulayıb:
"Türkiyə oturuşmuş və möhkəmlənmiş bir dövlətdir. Kimin başqan olması, kimin parlamentə seçilməsi Türkiyə-Azərbaycan münasibətlərinə təsir göstərə bilməz. Türkiyə-Azərbaycan münasibətləri həmişə dostluq, qardaşlıq səviyyəsində olub. May ayında kim Türkiyənin prezidenti seçiləcəksə, yenə də Azərbaycanla bağlı mövcud siyasəti davam etdirəcək və bu münasibətlərə xələl gəlməyəcək.
Müsavat Partiyası olaraq bizim istər indi iqtidarda olan qüvvələrlə, istər "Millət İttifaqı"na daxil olan partiyalarla və onların hər birinin liderləri ilə şəxsi tanlşlığımız, münasibətlərimiz, eyni zamanda siyasi əlaqələrimiz mövcuddur və seçkilərin nəticəsinin necə olmasından asılı olmayaraq, əlaqələrimiz, əməkdaşlığımız davam edəcək”.
Müsavat başqanı hesab edir ki, Türkiyədə keçirilən seçkilər Azərbaycan üçün çox mühimdir:
"Çünki Türkiyənin taleyi ilə Azərbaycanın taleyi bir-birinə bağlıdır və Türkiyə nə qədər uğurlu seçim edərsə, inkişaf edərsə, bu həm də Azərbaycanın maraqlarına, mənafeyinə uyğundur. Bütün Azərbaycan xalqı bu seçkiləri diqqətlə izləyəcək. Düşünürəm ki, Türkiyə xalqının seçimi nəhayyətdə düzgün olacaq və Türkiyəyə uğur gətirəcək.
Bahar Rüstəmli
Şərhlər