Xəbər lenti

Siyasət 18:53 19.04.2023

"Türkiyədə Azərbaycanla bağlı vizionu heç bir siyasi qüvvə dəyişə bilməz” - Ekspert

"Kamal Kılıçdaroğlu seçkidə qalib gəlsə, Azərbaycana münasibət müəyyən mənada daha məsafəli və fərqli ola bilər”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Vüqar Zifəroğlu Türkiyədə seçicilərlə görüşündə prezident Rəcəb Tayyib Ərdoğanın Qarabağ məsələsinə də toxunmasını şərh edərkən deyib. 

Ekspert bildirib ki, AKP iqtidarı son illər olduqca aktiv xarici siyasət yürüdür:

"Seçkilərlə bağlı təhlillərdə dəyişiklik olarsa, onun Türkiyənin xarici siyasətinə nə dərəcədə təsir edəcəyi mövzusunda maraqlı diskusiyalar açılır. Birmənalı şəkildə qeyd edilir ki, Kılıçdaroğlunun hakimyyətə gəlməsi Türkiyənin xarici siyasətində müəyyən dərəcədə daha passiv mövqeyin sərgilənməsinə səbəb ola bilər”. 

Vüqar Zifəroğlu bildirib ki, prosesin gedişində Ərdoğanın Qarabağ məsələsini ön plana çəkməsi müəyyən mənada seçki kampaniyasının uğurlu istiqaməti kimi qiymətləndirilə bilər:


 
"Türkiyə Azərbaycan münasibətləri strateji münasibətlərdir. Ankaranın xarici siyasətində Azərbaycan və Cənubi Qafqaz məsələsi prioritetdir. Bu mənada Türkiyənin Qarabağla və Cənubi Qafqazla bağlı aktiv siyasət apardığını görürük. Azərbaycanla bağlı məsələlərin seçki kampaniyası zamanı ön plana çəkilməsi də qardaş ölkələrin münasibətlərindən irəli gələn məqamdır. Bu fonda Ərdoğanın kampaniya dönəmində Azərbaycanla bağlı məqamları ön plana çəkməsi təbiidir. Çünki Qarabağdakı qələbəmizi Türkiyə öz qələbəsi kimi qeyd edir. Həmin qələbədə Türkiyənin də böyük rolu oldu”. 

Həmsöhbətimizin fikrincə, Kılıçdaroğlunun qalib gəlməsilə ölkənin xarici siyasət kursunda böyük dəyişikliklər ola bilər:
 
"Türkiyənin erməni camiəsinin Kılıçdaroğluna böyük dəstək verdiyini görürük. Formalaşan rəyə görə, Kılıçdaroğlu qalib gəlsə, Azərbaycana münasibət məsafəli və fərqli olacaq. Amma onu da unutmayaq ki, Türkiyə oturuşmuş dövlətdir. Onun xarici siyasəti Səlcuqlar və Osmanlı dövrünə dayanan bir sistemdir. Bu mənada Azərbaycana münasibətdəki vizionu heç bir siyasi qüvvə və lider dəyişə bilməz”. 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14 mayda keçiriləcək prezident seçkiləri ilə bağlı aparılan kampaniya çərçivəsində seçicilərlə görüş zamanı Qarabağdan da danışıb: "Müxalifətdəkilər bizi tənqid etməzdən qabaq Qarabağa - orada gördüyümüz işlərə baxmalıdırlar".

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->