"Hakimiyyət seçkilərə böyük resurs, inzibati imkanlar və siyasi blokla gedirdi. Müxalifət isə son seçkilərdən sonra parçalanmış vəziyyətdə idi. Lakin məlum oldu ki, bunlar əsas deyilmiş, əsas Türkiyə seçicilərinin iradəsi oldu. Türkiyə seçicisi prezident və parlament seçkilərində Rəcəb Tayyib Ərdoğana dəstək versə də, bələdiyyə seçkilərində "yox" dedi".
Qaynarinfo xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Türkiyədəki bələdiyyə seçkilərini şərh edərkən deyib.
Kənan Rövşənoğlu hesab edir ki, ötən beş ildə CHP bələdiyyələri yaxşı işləyib, təmiz olub:
"İkincisi, ölkədə iqtisadi vəziyyət pisdir. Prezident seçkilərində vəd edilən dəyişikliklərin bir çoxu edilməyib. Bu səbəbdən seçici küsüb. Üstəlik, CHP seçkidən sonra yeniləndi, yeni sədr gəldi. Bunun müqabilində AKP yenilənməyən partiya olaraq nəzərə çarpdı. İstanbul və Ankarada bələdiyyə sədrliyinə namizədlər AKP-nin həm də kadr bankında ciddi qüsurlar olduğunu göstərdi".
Ekspert qeyd edib ki, AKP Ərdoganın dediyi kimi, nəticə etibarı ilə "yorulmuş" partiyaya çevrilib:
"Üstəlik, bu hakim partiya üçün ciddi siqnaldir. Növbəti seçkilərdə xalqdan mandat almaya bilər. Nəcməddim Ərbakanın oğlu Fateh Ərbakanın rəhbərlik etdiyi Yenidən Refahın seçkilərdə üçüncü partiya olması onu göstərir ki, artıq mühafizəkar seçici də yeni ünvan axtarışındadır. Bu, AKP üçün ciddi xəbərdarlıqdır".
Qeyd edək ki, rəsmi olmayan nəticələrə əsasən, ana müxalifət Cumhuriyyət Xalq Partiyası (CHP) 37.74% ilə liderdir. Ölkənin hakim Hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) 35.49% ilə 2-ci, Yenidən Rifah Partiyası 6.19% ilə 3-cü yerdədir.
Əsas bpyük şəhrlərdə - İstanbulda (Ekrem İmamoğlu), Ankarada (Mansur Yavaş) və İzmirdə (Cemil Tuqay) CHP seçkini qazanıb. Ümumiyyətlə 35 bələdiyyədə CHP, cəmi 24 bələdiyyədə isə APK üstün olub.
Rüfət Sultan
Şərhlər