Xəbər lenti

Siyasət 10:47 22.11.2022

"Siyasi partiyalar haqqında” qanun layihəsinə edilən dəyişikliklər nə vəd edir? (RƏYLƏR)

"Siyasi partiyalar haqqında” qanun layihəsində yeni dəyişikliklər edilib. Qanun layihəsinin ilkin versiyasına əsasən, siyasi partiya Azərbaycan Respublikasının ərazisində son 20 il daimi yaşayan Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 200 vətəndaşı (təsisçilər) tərəfindən təsis edilə bilərdi. İndi isə Siyasi partiya Azərbaycan Respublikasının tam fəaliyyət qabiliyyətli olan azı 50 vətəndaşı (təsisçilər) tərəfindən təsis ediləcək. Bundan əlavə, siyasi partiyaların dövlət qeydiyyatı üçün tələb olunan üzvlərin sayı 5000-dən 4500-ə endirilib. 

Bəs, siyasiu partiyalar qanuna edilən dəyişikliklərlə bağlı nə düşünür?

Müsavat Partiyasının başqanı Arif Hacılı Qaynarinfo-ya bildirib ki, bildirib ki, dəyişikliklər siyasi partiyaların fəaliyyəttinə əlavə maneələr yaratmaqla yanaşı, həm də partiyalar üzərində icra hakimiyyətinin total nəzarətinə nail olmaq məqsədi daşıyır:
 


"1992-ci ildə qəbul olunan "Siyasi partiyalar haqqında” Qanun partiyaların fəaliyyəti üçün kifayət qədər şərait yaradan mütərəqqi sənəd idi. Qanuna edilən dəyişikliklər bu sənədin daha da demokratikləşməsinə səbəb olmayacaq. Xüsusilə, partiya üzvlərinin daha çox sayı haqqında məlumatların icra hakimiyyətinə təqdim edilməsi, partiyalara ianə verənlərin nəzarətə alınmasını nəzərdə tutan müddəalar bu məqsədə xidmət edir". 

Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib ki, siyasi partiyalar haqqında yeni qanunun hazırlanması ilə bağlı cəmiyyətdə böyük müzakirələr gedir:
 


"Bu da başadüşüləndir və çünki demokratik cəmiyyətdir. Təşkilatların fəal fəaliyyəti üçün müvafiq şəraitlər yaradılıb, müxtəlif təklif və variantlar irəli sürülüb. Onların bir qismi layihədə əksini tapıb. Amma aparılan müzakirələr onu göstərir ki, müəyyən təkliflərin dəyişilməsinə ehtiyac var. Yeni təkliflərə görə partiyaların illik üzvlük haqqı, qeydiyyatı və həmçinin təşəbbüs qrupunun rəqəmlərinin aşağı salınması təklif edilir. Bunlar vaiantlardır və yenə də dəyişə bilər. Bu da ondan irəli gəlir ki, cəmiyyətdə maraqlar var. Amma onların hər birini ortaq məxrəcə gətirməyə böyük ehtiyac var. Burada təkcə siyasi partiya sədrləri deyil, analitiklər, politoloqlar, hüquqşünaslar və sadə vətəndaşlar da iştirak edə bilər. Geniş müzakirələrdən sonra əlbəttə bu qanun layihəsi parlamentin iclasına çıxarılacaq. Hesab edirəm ki, həm beynəlxalq, həm Azərbaycan təcrübəsni nəzərə alan optimal bir qanun qəbul etmək mümkün olacaq”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, Azərbaycan üçün 4500 üzv sayının tələb olunması məqsədəuyğun deyil:
 

 
"Bir çox ölkələrdə partiya üzvlərin sayı əhəmiyyətli rol oynamır. Hesab edirəm ki, üzvlərin sayı 1000 civarında saxlanılması daha düzgün olardı. 20 il tələbi isə Konistitusiyaya zidd idi, bu müddəanın ləvğ olunması gözlənilirdi. Təsisçilərin sayının çox olmasının bir o qədər də böyük rolu yoxdur. Azaldıblarsa, bu o deməkdir ki, siyasi partiyaların istəyinə uyğun addım atılıb, onların təklifləri müəyyən qədər də olsa nəzərə alınıb. Amma hesab edirəm ki, qanunda müəyyən bəndlər var və onlar gələcəkdə siyasi partiyaların yaranmasına ciddi problemlər yaradacaq”. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->