"Şuşa-Xankəndi yolunda keçirilən aksiya başlayan gündən biz də AĞ Partiya olaraq orada iştirak etmək istədiyimizi bəyan elədik. Nəinki aksiyanı dəstəkləyirik, hətta AĞ Partiyanın yüzlərlə üzvləri var ki, onlar bizə müraciət edərək aksiyaya qoşulmaq istədiklərini deyirlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı deyib. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən hər bir partiya sözügedən aksiyaya qoşulmaq istəyir:
"Sadəcə olaraq, bizim orada iştirakımızı hökümət təmin etməlidir. Biz demirik bizə avtobuslar ayrılsın. İşğaldan azad olunmuş ərazilərə getmək üçün icazə portalı var, oradan hər bir partiyanın ən azı 3-4 üzvünə icazə verilsin. Beynəlxalq təşkilatlar da görsün ki, bu aksiyada Azərbaycan iqtidarı ilə müxalifəti eyni mövqedədir. Dəstək aksiyasında heç bir fikir ayrılığı yoxdur. Gözləyirik, görək bizə nə cavab verəcəklər. Bu bizdən asılıdır”.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan aksiyada iştirak edən şəxsləri dəstəklədiklərini vurğulayıb:
"Hər birinə təşəkkür edirik. Onlar Azərbaycanın dinc qaziləridir. Aksiya iştirakçılarına dəstək vermək lazımdır, amma partiyalar bu işə qarışsa, proses siyasiləşər və bu, beynəlxalq aləmdə yaxşı qarşılanmaz, Azərbaycana zərər vura bilər. Bu aksiyanı ancaq QHT xətti ilə gücləndirmək yaxşıdır”.
Bahar Rüstəmli
Şərhlər