Zamin Hacı
(Rasim Qaracanın “On bir gecə” kitabı haqda resenziya)
“İnsanlarımız könülsüzləşiblər. Bunun təkcə bir səbəbi var; yaxın Qarabağ savaşında bütün könüllülər cəbhəyə yollanıb və çoxu da həlak olub. Yerdə biz könülsüzlər qalmışıq. Artıq biz nə dostluq etməyi, nə də sevməyi bacarırıq. Qəlb dünyamızda səbəbini fəhm edə bilmədiyimiz bir boşluq yaranıb. Düşünə bilirsizmi, vətən borcu deyərək minlərlə insan özünü müharibə adlı ət maşınının içərisinə atır. Bu insanlar toplu şəkildə Bir Millətin Könlü idi deyə bilərik. Bəlkə də buna görə bütün milli hədəflərimizdə bu qədər könülsüzük. Bizi əzən sistemə qarşı heç bir dirəncimiz yoxdur”.
Bu uzun sitatı yazıçı Rasim Qaracanın “Könülsüzlər” essesindən götürmüşəm. Rasim bəy ədəbiyyatımızda yapon poeziyasının ruhunu, avanqard şeiri, sürrealizmi və sairəni layiqincə təmsil etmiş, bir çox yeniliklərə imza atmış insandır. Şəxsən mən onun 1989-cu ildə hansısa jurnalda çıxan “İstəməzdim dəniz otağıma gəlsin” misralı şeirinin havasını, təxminən elə o vaxtlar Azad Yaşar və adını unutduğum başqa şairlə yaratdığı “Baca” ədəbi qrupunun gurultulu manifestini unutmuram. Keçən il isə Rasim bəyin “On bir gecə” hekayələr kitabı çıxdı, sitat gətirdiyim esse də o hekayələr kitabının bir küncündə özünə yer tapıb.
Müəllif kitabı “Qarabağ Dekameron”u adlandırıb, burada 10 hekayə, 10 əsgərimizin dilindən verilir. Bunlar savaşda mühasirəyə düşüblər, son döyüş qabağı qərara gəlirlər ki, səhərəcən bir təhər vaxtı ötüşdürsünlər, hər kəs ilk sevgisi, ya da ilk sevişdiyi qadın haqda danışsın. Bokaççonun “Dekameron”u ilə müəllifin paralel qurması da burdan irəli gəlir, çünki orta əsrlər italyan ədəbiyyatının şedevrlərindən biri olan “Dekameron”da da 3 gənc və 7 qadın şəhərdəki (Florensiya) epidemiyadan qurtulmaq üçün şəhər kənarındakı villaya toplaşır, orda vaxtı öldürmək üçün cürbəcür maraqlı əhvalatlar danışırlar.
Ancaq mən Qaracanın hekayələrini oxuyanda daha çox “Min bir gecə” ərəb nağıllarının ruhunu gördüm. Hətta bəzi hekayələr elə Şirvanın yarımsəhra iqlimində yaranmış (Rasim Qaraca keçmiş Əli Bayramlı şəhərində doğulub, böyüyüb) nağıllara oxşayırdı. “On bir gecə”nin qəhrəmanları olan döyüşçülər öz sevgi əhvalatlarını danışdıqca, kitabı səhifələdikcə sən də bir oxucu olaraq özünü Şəhriyar şahın yerində hiss edirsən, istəmirsən bu nağıllar qurtarsın, çünki qurtaranda Şəhrizadın boynunu vuracaqlar - əsgərlər son döyüşə girib öləcəklər. Düzdür, nağılda Şəhrizad axırda da sağ qalırdı, ancaq bizim ümidsizlik girdabına düşən könüllülərimizin heç bir şansı yoxdur. Bu, hər səhifədən adama cümlə-cümlə anladılır. Çünki hekayələr sevgi haqda olsa da, burda əslində heç sevgi də yoxdur. Qəhrəmanların bir çoxu sevdiklərini hətta öpə də bilməyib savaşa gəliblər. Müharibə haqdadır, amma müharibə də yoxdur. Çünki əsl savaşın insanın daxilində getdiyini müəllif yaxşı bilir. Daxili savaşlarımızda axan qanlar, itkilər, yaralı və ölülər daha çox deyilmi?
Bu mənada, “On bir gecə” hekayələr kitabına atəşkəs dövrünün ədəbiyyatı da deyə bilərik. Burada hələ heç nə öz yerini tapmayıb. Döyüşçülər sevgi hekayələrini, yarımçıq qalmış dinc həyatlarını danışırlar, eyni zamanda, nifrət və savaş da burada yarımçıqdır. Bu hekayələrdə müsbət, mənfi qəhrəmanlar yoxdur. Sadəcə, 10 nəfərin adından danışılan böyük bir təəssüf var, keçmişin bir də qayıtmayacağına, nağıllarda deyilən kimi, “geriyə baxarkən bizim daş olacağımıza” aid xəbərdarlıq var. Bu hekayələrin kədəri öldürücü deyil, dirildicidir.
Ümid edirəm ki, Rasim Qaracanın hekayələrini oxuyan indiki və gələcək insanlar öz sevgilərini yarımçıq qoyub savaşa getməyəcəklər. 1960-cı illər hippi hərəkatının məşhur şüarında deyilən kimi: “Savaşmayın, sevişin”. Bəzən bu, insanların öz ixtiyarında olmasa belə, yazıçı bizə bu ümidi verir.
Musavat.com
Şərhlər