Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun nəzarətində olduğu deyilən "Goranboy Gips” ASC ilə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında qalmaqal davam edir.
Qaynarinfo xatırladır ki, Agentlik ötən il ASC-nin nəzarətində olan gips yataqlarında monitorinq aparıb.
Qurumun Monitorinq şöbəsinin Zaur Sədi mediaya açıqlamasında bildirib ki, moitorinq nəticəsində "Goranboy Gips”in həm ona ayrılmış ərazinin daxilində, həm də ərazinin xaricində fəaliyyət göstərməsi müəyyən edilib. "Hazırda bununla bağlı hüquqi tədbirlər görülməkdədir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq toplanmış faktlar hüquq mühafizə orqanlarına və ya məhkəməyə göndərilir. Qanun pozuntuları ilə bağlı hüquq tədbirlərin görülməsi üçün proses davam edir”, deyə Agentliyin rəsmisi əlavə edib.
Əldə etdiyimiz məlumata görə, bundan sonra ASC Agentliklə mübahisəsini hüquqi müstəvidə davam etdirmək qərarına gəlib və məhkəməyə müraciət edib. ASC-nin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılacaq. İş hakim Emin Axundovun icraatındadır. Porsesin vaxtı barədə hələ ki, məlumat yoxdur.
"Goranboy Gips” ASC-nin özəllədirilməsi 2003-cü ildə başa çatıb. Həmin vaxt nəqliyyat naziri olan Ziya Məmmədov 3 il sonra ASC-ni nəzarətinə keçirməyə başlayıb və proses 2015-ci ildə başa çatıb.
"Goranboy Gips”in əvvəlki sahiblərindən Füzuli Qasımov dünyasını dəyişib. Digar sahibi Aydın Qasımov isə nazir və onun adamlarının təzyiqləri nəticəsində geri çəkilmək məcburiyyətində qalıb.
Hazırda "Goranboy Gips” ASC-nin qanuni təmsilçisi Abbasov Vüsal Tanrıverdi oğludur. Onun haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.
Mediada gedən məlumatlardan isə aydın olur ki, ASC hələ də Ziya Məmmədovun nəzarətindədir. Şirkəti keçmiş nazirin qardaşı qızı və digər qohumlarının idarə etdiyi bildirilir.
Seyid
Şərhlər