"Serbiyanın Rusiyadan uzaqlaşması kimi görünən Fransa ilə əldə etdiyi razılaşmalar doğru addım kimi dəyərləndirilməlidir. Çünki indiki halda Rusiyanın xaricə silah ixracı məsələsi müşküldür”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov Serbiyanın Rusiya hərbi təyyarələrindən imtina edərək, Fransadan qırıcılar almasına münasibət bildirərkən deyib.
"NATO-nun 1999-cu ildə keçmiş Yuqoslaviyada keçirdiyi əməliyyatlar zamanı Rusiya ordusu NATO əsgərlərinin Serbiyaya daxil olmasının qarşısını aldı. Bundan sonra Serbiya hər zaman Rusiyanın dəstəyini aldı və bu indi də belədir. Amma Rusiyanın Ukraynada düşdüyü çətin vəziyyət onun silah ixrac etməsini, xüsusən də, döyüş təyyarələrinin ixracını indilikdə imkansız edir. Çünki Rusiyanın özünün bu təyyarələrə ehtiyacı var. Bu baxımdan hesab etmək olar ki, Serbiya sadəcə olaraq məcbur qalıb Fransadan "Rafale" təyyarələri alır", Azər Qasımov bildirib.
Ekspert qeyd edir ki, Paris həmin təyyarələri Belqrada versə də, onunla bağlı texnologiyanın Rusiyaya ötürülə biləcəyindən narahatdır:
"Məsələ ondadır ki, Fransa bu təyyarələri asanlıqla Serbiyaya satmağa razı olmayıb. Fransa texnologiyanın Moskvaya ötürülə biləcəyindən qorxur. Serbiya prezidenti Vuçiç isə bildirib ki, heç vaxt texnologiyanın başqa ölkəyə ötürülməsinə icazə verməyəcək, çünki hər şey Serbiya vətəndaşlarının pulu ilə alınır”.
Ekspertə görə, Vuçiçin bu bəyanatı nisbətən sürüşkən bəyanatdır:
"Vətəndaşın pulu ilə alınan texnologiyanın Moskvaya ötürülməyəcəyi deyə bir şey ola bilməz. Ən azı Moskva buna cəhd edəcək. Təbii ki, bunlar konspirativ nəzəriyyələrdir. Serbiya iqtisadiyyatı indiki durumda çətin dövrlər yaşayır. Bu baxımdan tək Moskvadan asılılıq siyasəti doğru deyil. Odur ki, Serbiyanın Fransa ilə imzaladığı razılaşmalar içərisində onun üçün vacib olan sahələrdə əməkdaşlıq prioritetləri açılır, xüsusən də, nüvə enerjisi sahəsində”.
Azər Qasımov hesab edir ki, Serbiyanın bu addımı dövlət maraqları baxımından vacib addımdır. Lakin bununla belə, o düşünür ki, Belqradın Moskvadan uzaqlaşması mümkün görünmür:
"Amma Serbiya Yuqoslaviyanın əsas varisi kimi vaxtı ilə baş verən hadisələrdən, ətraf ölkələr, xüsusən də, Kosovo ilə olan problemlərdən savayı tezliklə Avropa İttifaqına alına bilməz. Odur ki, Serbiyanın Rusiyadan uzaqlaşması mümkün deyil. Çünki Moskva Serbiyanın təhlükəsizlik qarantıdır”.
Qeyd edək ki, mətbuatın yazdığına görə, Serbiya Rusiya təyyarələrindən imtina edərək, 3 milyard dollara Fransadan qırıcılar alıb. Serbiya hakimiyyəti 2021-ci ildən bəri müzakirə olunan Rusiya qırıcılarını almaq əvəzinə Fransanın "Rafale" qırıcılarını almaq qərarına gəlib. Qaynarinfo "Bloomberg”ə istinadən xəbər verir ki, 2,7 milyard avro və ya 3 milyard dollar dəyərində 12 təyyarənin tədarükü ilə bağlı müqavilə cümə axşamı Belqradda Serbiya və Fransa prezidentləri Aleksandr Vuçiç və Emmanuel Makron tərəfindən imzalanıb. Makron Vuçiçlə birgə mətbuat konfransında bildirib ki, razılaşma Serbiyada "strateji dəyişikliyin" başlanğıcı olacaq. O əlavə edib ki, Serbiyanın yeri Avropa İttifaqındadır.
Rüfət Sultan
Şərhlər