Rəsul Quliyev illər sonra sirləri açdı: “15 dəfə öpüşmüşdülər...” (VİDEO)
Milli Məclisin sabiq spikeri Rəsul Quliyev "Təhminə və Zaur” filminin çəkilişlərində yaşanan maraqlı anları illər sonra açıqlayıb.
Qaynarinfo "Yeni Sabah”a istinadla xəbər verir ki, eks-spiker bu barədə "TV Musavat”a danışıb. O, sözügedən filmdə "Zaur” obrazına Fəxrəddin Manafovun uyğun olmadığını Rasim Ocaqova bildirdiyini söyləyib:
"Rasim Ocaqov çox böyük bir sənətkar idi. Azərbaycanın onun kimi rejissoru olmayıb. Onun haqqında sizə bir maraqlı hadisə danışmaq istəyirəm. Rasim Ocaqov "Zaur” obrazı üçün aktyor axtarırdı. Mənə dedi ki, Fəxrəddin Manafovu bu rola çəkmək istəyir. Dedim, a kişi, sən nə danışırsan? Təhminə ondan uzundur. O da söylədi ki, sən narahat olma biz bilirik, ayağının altına kərpic qoyacağıq düzələcək. Fəxrəddin artist kimi yaxşı olsa da, o rola uyğun deyildi. Bu səbəbdən nəzərə almaq lazım olduğunu bildirdim. Rasim Ocaqov "Zaur”u axtararkən Leninqraddan suriyalı bir adam tapdı. Şəklini mənə göstərəndə dedim hə bu yarayır. Bunu çəkdi. Sonra günlərin bir günü mənə zəng edib dedi ki, bəlaya düşmüşəm gərək görüşək. Maşına minib getdim. Meral hələ gəlməmişdi. Özümüz söhbət edəndə dedi ki, suriyalı oğlanı qovmaq istəyir. Dedim niyə qovmaq istəyirsən, nə vaxtdır çəkilişlər gedir. Söylədi ki, onların arasında məhəbbət yaranıb və bu çəkilişə mane olur. Meral isə buna razılıq verməyib, deyib ki, belə olsa filmdə oynamayacaq. Dedim bəs məndən nə istəyirsən? Meralla danışıb razı salmağımı xahiş etdi. Onunla da görüşdüm və dilə tutmağa çalışdım. Meral bildirdi ki, öpüş səhnəsi 15 dəfə təkrar çəkilib və artıq eyni səhnələri çəkmək istəmir. Dedim gəl belə danışaq, Rasim müəllimlə razılaşacam ki, həmin səhnə 2 dəfə çəkilsin. O, bununla razılaşdı. Rasim Ocaqov da filmin yarısını tamamlamasına baxmayaraq yenidən Fəxrəddini həmin obraz üçün çağırdı. Bu da həmin filmdən mənə qalan xatirələrdir”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər