"Qarabağ"ın zədəli futbolçusu Kevin Medinanın son durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, kolumbiyalı müdafiəçinin zədəsi ciddidir.
MRT müayinəsindən keçən 29 yaşlı oyunçunun qasıq bağlarında yırtıq aşkarlanıb: "Medina yaxın günlərdə ölkə xaricində əməliyyat olunacaq. Həkimlər indiki vəziyyətdə bərpa prosesinin 2 aya yaxın çəkəcəyini bildiriblər. Amma əməliyyatdan sonra bununda bağlı daha dəqiq məlumat veriləcək".
Qeyd edək ki, Kevin Medina "Qarabağ"ın İsveçrədə "Sürix"lə 2:2 hesablı heç-heçə etdiyi UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda zədələnib. Bakıda Sürix şəhərinin eyniadlı təmsilçisini 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdəki matçın əsas vaxtında rəqibinə 1:2 hesabı ilə uduzub. Qurban Qurbanovun baş məşqçi olduğu komanda əlavə vaxtda vurduğu qol sayəsində növbəti mərhələyə yüksəlib – 2:2. "Köhlən atlar" Çempionlar Liqasının III təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" klubu ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk matçını avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.
Şərhlər