Bir neçə gün öncə Qaynarinfo.az saytında yazıçı Murad Köhnəqalanın "Kitabın kitabı bağlanıb” adlı yazısı dərc olunub. Müəllif həmin yazısında bütün dünyada kitab erasının başa çatmaq üzrə olduğu barədə tezis irəli sürüb. Əslində, Murad Köhnəqala bu yazısı ilə kitab əhlini pessimist auraya bürüyən fikirlərində xeyli haqlı görünür. Necə deyərlər, ustad yazarın arqumentləri əsaslı, müşahidələri realdır.
İstəsək də, istəməsək də boynumuza almalıyıq ki, sosial şəbəkələrin informasiya bolluğunda yaşayan bir gənci 20 il əvvəlin mühitinə - televizordan axşam saat 9-da xəbərləri izləməyə, yaxud qəzetdən məqalə oxumağa dəvət edə bilmərik.
İndiki çağımızda xəbər artıq hər kəsin şəxsi smartfonunda, yəni, ovcunun içindədir: dərhal, yerindəcə, video-görüntülü formada.
Bədii ədəbiyyat oxunmur. Çünki "Netflix”, "Youtube”, "HBO Max”, "Amazon Prime Video” kimi nəhəng video, film platformaları bir insan ömrünə sığmayacaq qədər çox bədii, sənədli filmlər, seriallar yayımlayır. Dünyada elə bir möhtəşəm ədəbi əsər yoxdur ki, onun motivləri əsasında bir və ya bir neçə film çəkilməsin.
Doğrudur, kitab oxumamağın əsas səbəbi kimi informasiya texnologiyalarının sürətli inkişafını, internet şəbəkələrinin əlçatanlığını göstərsək də digər bir səbəb isə toplum olaraq kitabı sevməməyimizdir. Yəni, bizim mental kodlarımızda oğul evləndirmək, qız köçürmək, xınayaxdı, toyxana ənənəsi varkən kitab oxumaq, muzeyləri gəzmək, teatra getmək, rəsm sərgilərini ziyarət etmək yoxdur. O səbəbdən camaatımız toyda fonoqramla oxuyan müğənninin yarım saatına 5 min manat sayır, amma bir yazıçının kitabına 5 manat verib oxumur.
Gəlin, araşdıraq: Azərbaycan ailələrinin neçə faizinin evində kiçik kitabxana və ya ayrıca kitab guşəsi var? İnternetdən əvvəl də az idi, indi isə lap azdır, hətta "yox” dərəcəsindədir. Yəni, biz kitablı cəmiyyət olmadıq, ola bilmədik.
Bizdə kitabı təmsil edən adamın aqibəti və obrazı uzağı "Cəbiş müəllim” kimi olur.
Avropanı deyə bilmərəm, ancaq yaxın qonşularımız olan Türkiyə və İranda da vəziyyət təxminən, bizdəki kimidir. Bir Türkiyəlidən soruşsan ki, abi, Azərbaycanın hansı yazıçısını tanıyırsan? – gözünü döyəcək. Amma soruşsan ki, hansı müğənnini tanıyırsan? – başlayacaq "palatka” artistlərindən - Nəfəs, Damla, Üzeyir...
Eləcə də Güneyli soydaşlarımızın Azərbaycan mədəniyyəti adına müğənnilərdən başqa tanıdıqları, izlədikləri çox az ünvan var.
Nə qədər təbliğ olunur-olunsun, nə qədər şərait yaradılır-yaradılsın, mahnı dinləyənlərin sayı roman oxuyanlardan həmişə çox olacaq.
Əslində, bu hardasa, təbii prosesdir. İnsan psixologiyası mahiyyətcə, vizuallığa, görüntüyə meyillidir. Yəqin hamı razılaşar ki, dünyada futbola baxanların sayı kitab oxuyanların sayından dəfələrlə çoxdur. Statik insan düşüncə etibarı ilə dayazlığa, asan qavranılana, beyin işlətmədən canına hopana üstünlük verir.
Məsələn, performansı ilə Azərbaycanın sərhədlərini aşan müğənni Üzeyir Mehdizadənin "Youtube” platformasında 400.000.000 baxış yığan, bütün Qafqazda, Turkiyədə, Mərkəzi Asiyada milyonlarla fanat auditoriyası toplayan mahnısının sözləri belədir:
"Mən nələr arzu etdim, qarşıma çıxdı nələr,
Bəs hardan biləydim, qismətimdir qəm-kədər.
Biz belə deyildik, axı bizə nələr oldu?
Ya yolumuz bağlandı, ya bizə dəydi nəzər.
Çox məni düşünmə, sən belə qəm eləmə,
Bilirəm ağırdır, heç bir kəsə söyləmə.
Düşmənlər sevinər, yandıq verərlər sənə
Gələcəyin qabaqdadır, "bədbəxtəm” demə-demə.
Çox təəssüf eyləyirəm, bəs niyə belə oldu?
Gözümün nurunu, yadlar əlimdən aldı
Sən ayrı, mən ayrı, yolumuzu ayrı saldı
Çox təəssüf eyləyirəm, bəs niyə belə oldu?”
Bu "şeir”in sədaları altında yırğalanan "ordunun” qarşısına Həmid Herisçinin
"... mən sevgilimi yox, sevgini sevirəm,
siz gedirsiz, mən yol gedirəm,
Pəncərələri eynəktək taxmış evlərdə
cahanın kor olduğunu sezirəm...” misraları ilə çıxa bilməzsən.
Doğrudan da görəsən, niyə belə oldu?
Şəlalə Göytürk Niaqara
Şərhlər