"Gürcüstanın hazırkı siyasi vəziyyətində hər hansı bir seçkilərin keçirilməsində mütləq mənada problem yaşanacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Gürcüstanda prezidentin seçilməsi üzrə yeni proseduranı şərh edərkən deyib.
Qulamhüseyn Əlibəyli bildirib ki, ABŞ və Fransada buna oxşar qayda var. Bunu hər bir ölkədaxili qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirir:
"Gürcüstanda prezidentin səlahiyyətləri geniş deyil. Onun icra hakimiyyəti sahəsində heç bir səlahiyyəti yoxdur. Nominal dövlət başçısı sayılır. Yəni prinsip etibarı ilə siyasətə təsir göstərmək imkanına malik deyil. Gürcüstan dövlət başçısının seçilməsinə əlavə vəsaitin xərclənməməsi üçün prezidenti xüsusi kollegiyalar yaratmaqla seçmək qərarına gəlib. Bu kollegiyada dini qurumlar, vətəndaş institutları, bələdiyyə nümayəndələri iştirak edəcək. Yəni burada dövləti təmsil edən qurumların əksəriyyətinin iştirakı təmin olunacaq".
Seçkilər Kollegiyasının MSK tərəfindən formalaşmasına gəlincə, ekspert deyib ki, kollegiya ayrı-ayrı qruplar arasında seçkilər keçirməklə formalaşacaq:
"Həmin qruplar kollegiyaya namizədlərini irəli sürəcək və Mərkəzi Seçki Komissiyası da həmin namizədləri təsdiqləyəcək".
Həmsöhbətimizə görə, prezidentin belə bir variantla seçilməsi praktikasının Gürcüstanda nə qədər uğurlu olacağını gələcək göstərəcək:
"Başqa ölkələrin bu istiqamətdə təcrübəsində hələ ki, hansısa bir problem yaranmayıb. Düzdür, Gürcüstandakı indiki siyasi vəziyyətdə hər hansı bir seçkilərin keçirilməsində mütləq problem olacaq. Müxalifət parlamenti tanımır, lakin çıxış yolu da göstərmirlər".
Qeyd edək ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin verdiyi məlumata görə, ölkədə prezidentin seçilməsi üçün Seçkilər Kollegiyası seçkilərin vaxtı müəyyən edildikdən sonra Mərkəzi Seçki Komissiyası tərəfindən formalaşacaq. Prezident də məhz Seçkilər Kollegiyasının üzvləri tərəfindən seçiləcək.
O bildirib ki, MSK prezidentin seçilməsi üçün tarix təyin etdikdən sonra 300 üzvdən ibarət seçki kollegiyası formalaşdırır. Qanuna görə, seçki hüququna malik, yaşı 40-dan yuxarı olan və ən azı 15 il Gürcüstanda yaşayan Gürcüstan vətəndaşı prezident seçilə bilər. Seçicilər Kollegiyasının ən azı 30 üzvü Gürcüstan prezidentliyinə namizəd irəli sürmək hüququna malikdir.
Seçicilər Kollegiyasının tam tərkibinin ən azı 2/3-nin səsini toplayan namizəd seçkilərin birinci turunda seçilmiş sayılır. Birinci turda seçilməsə, ikinci turda səsvermə birinci turda ən yaxşı nəticə göstərən iki namizəd arasında keçirilir və ən çox səs qazanan namizəd seçilmiş sayılır.
Rüfət Sultan
Şərhlər