Xəbər lenti

İdman 18:04 12.10.2024

"Neftçi" məşhur türk məşqçiyə təklif göndərdi - Zaman istədi

Roman Qriqorçukla yollarını ayıran "Neftçi" baş məşqçi axtarışlarını davam etdirir.

Qaynarinfo "ESH Spor"a istinadən xəbər verir ki, Bakı klubu türk mütəxəssis Abdulla Avcıya təklif göndərib.

Məlumata görə, "Neftçi" rəsmiləri İstanbula gedərək mütəxəssislə görüşüb. 61 yaşlı çalışdırıcı Bakı klubundan düşünmək üçün vaxt istəyib. Onun Səudiyyə Ərəbistanı klublarından da təklif aldığı bə qısa zamanda qərarını verəcəyi deyilir.

Qeyd edək ki, 2000-ci ildə məşqçi karyerasına başlayan Abdulla Avcı indiyədək "İstanbulspor" (əsas və U-21 komandaları), "Qalatasaray" (A2), "Başakşəhər", "Beşiktaş" və "Trabzonspor" klublarını, həmçinin Türkiyənin U-17 və əsas millilərini çalışdırıb. 

Klub karyerası ərzində o, 3 kubok qazanıb. Belə ki, Abdullah Avcı "Trabzonspor"la 2021/22 mövsümündə Türkiyə Super Liqasının, 2020 və 2022-ci illərdə Super Kubokunun qalibi olub. Həmçinin "Qalatasaray"ın A2 komandasını 2005-ci ildə çempion edib.

Mütəxəssis Türkiyənin U-17 millisi ilə 2005-ci ildə Avropa çempionatının qalibi edib. Həmin il onun komandası dünya çempionatında 3-cü olub. 

Qeyd edək ki, "Neftçi" cari mövsümdə Premyer Liqada qələbə qazanmayıb. Keçirdiyi 9 oyunda 5 heç-heçə edən və 4 dəfə uduzan komanda 5 xalla 9-cu pilləni tutur. Sonuncu turda "Kəpəz"ə məğlubiyyətdən sonra ukraynalı baş məşqçi Roman Qriqorçuk istefaya göndərilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->