Xəbər lenti

Hələ iyunda demişdik ki...
Amal Abuşov
İdman 09:39 09.10.2024

Hələ iyunda demişdik ki...

Laurentsiu Regekampf, Adrian Mutu, Miodraq Bojoviç, Roman Qriqorçuk... Adlarını sadaladığım bu dörd əcnəbi məşqçidən ikisi rumıniyalıdır, biri Çernoqoriyadan, digəri isə Ukraynadan. Onları birləşdirən bir ortaq nöqtə var ki, həmin o ortaq nöqtənin adı "Neftçi”dir. Hər biri böyük ümidlərlə "Neftçi”yə gətirilib, yüksək məbləğ qarşılığında müqaviləyə imza atıblar. Hamısı da məqsədə çatmadan yola salınıb. Aralarında fantastik məbləğdə təzminat alanlar da var.

Bu qədər əcnəbi məşqçinin hamısı pis və uğursuz ola bilərmi? Adamın inanmağı gəlmir. Biri pis olsun, lap elə ikisi. Dördü də birdən necə pis oldu? Özü də söhbət qısa zaman kəsiyindən gedir. Laurentsiu Regekampf "Neftçi”yə 2022-ci ilin iyununda dəvət olunub. Roman Qriqorçuk isə 2024-cü ilin oktyabr ayının 7-də yola salınıb. Cəmi 28 ay kifayət edib ki, "Neftçi” dörd əcnəbi məşqçini qarşılayıb-yola salsın. Təxminən hər yarım ilə bir əcnəbi düşür. Mutu bəh-bəhlə qarşılandıqdan cəmi 5 ay sonra yola salındı. Azarkeşlərin böyük ümidlərlə baxdığı Roman Qriqorçuk isə vur-tur üç ay davam gətirə bildi. 

Sonuncunun "Neftçi”dəki işi xüsusiylə bərbad alındı. "Neftçi” tarixində ilk dəfə mövsümün ilk dövrəsini qələbəsiz başa vurdu. 9-cu turda "Kəpəz”lə oyundakı məğlubiyyət isə lap dibə vurmaq idi. Şəxsən mən inanmırdım ki, həmin biabırçılıqdan sonra Qriqorçuk Azərbaycandakı işini davam etdirsin. Elə gözlədiyim kimi də oldu, artıq ukraynalı mütəxəssislə "ağ-qaralar”ın yolları ayrılıb. Tovuzda keçirilən qarşılaşmanın nəticəsi bir çoxlarında şübhə doğurur. Necə olur ki, mövsümün ilk 8 oyununda cəmi 2 qol vurmağı bacaran "Kəpəz” birdən-birə "Neftçi”nin qapısına 4 dəfə yol tapdı? Əlimizdə konkret sübutlar, əsaslar olmadan kimisə ittiham edə bilmərik. Amma şəxsi qənaətimdir ki, "Neftçi”nin "Kəpəz”i məğlub etməsi üçün heç məşqçiyə də ehtiyacı yoxdur. Futbolçular öz aralarında söz verib, əyinlərinə geyindikləri forma üçün sona qədər vuruşsaydılar, "Neftçi”nin adının böyüklüyünü, imza atdıqları müqavilənin məsuliyyətini dərk etsəydilər, nəticə başqa cür olmalı idi. Onlar bunu etmədilər. 

Etmək istəmədilər, yaxud da bacarmadılar? Bu sualın cavabını "Neftçi”nin futbolçularından yaxşı heç kim bilməz. Heç şübhəsiz ki, Qriqorçuk Bakını tərk edərkən bir çox sualların cavabını da özüylə apardı. Bəlkə də nə vaxtsa dilə gələcək, danışacaq. Bizə qalan gözləməkdir. 

"Neftçi”nin yeni baş məşqçisinin kim olacağı ilə bağlı müxtəlif ehtimallar səslənir, namizədlərin adları çəkilir. Hərgah ki, mən bu barədə fikirlərimi bir müddət əvvəl sizinlə bölüşmüşəm. Onda hələ Qriqorçuk işinə davam edirdi. Məndə ukraynalının tezliklə istefa verməyə məcbur qalacağı, onu əvəzləyəcək məşqçiylə danışıqların yekunlaşmasıyla bağlı konkret məlumat var idi. Artıq bir məsələ mən artıq haqlı çıxmışam. Hələ iyunun 29-da, Qriqorçukun "Neftçi”nin baş məşqçi postuna təyinatından cəmi bir neçə gün sonra "Sistem düzgün işləmirsə...” başlıqlı yazımı oxucularımın ixtiyarına vermişdim. Ordan bir sitatı xatırlayaq: "Qriqorçukun sərəncamına Kamil Məmmədov kimi menecerlərin "say-seçmə” futbolçuları veriləcəksə, klubun başında dayananlar hərəsi öz futbolçusunun oynamasına çalışacaqsa, dəyişən heç nə olmayacaq. Sistem, işə yanışma dəyişməlidir, cənablar!”

Mən olacaqları hələ iyunda demişdim. Fikrimdə də qalıram!

Amal Abuşov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->