Bakıda milyonlarla manat dəyəri olan torpaq sahələri satışa çıxarıldı (VİDEO)
Paytaxtda qiyməti onmilyonlarla manat olan torpaq sahələri satışa çıxarılıb.
Elan saytlarına nəzər salanda məlum olur ki, "Ağ Şəhər" ərazisində bir sotu 195 min manat olan torpaq sahəsinin ümumi qiyməti 39 milyon manatdır. Həmçinin metronun "Nəriman Nərimanov" stansiyasına yaxın ərazidə satışa çıxarılan torpaq sahəsinin bir sotu 781 min manat, ümumi qiyməti 25 milyon manatdır.
Eyni zamanda "Şah İsmayıl Xətai" stansiyasının yaxınlığındakı torpaq sahəsinin bir sotu 104 min manat, ümumi qiyməti isə 25 milyon manatdır.
Dəyəri onmilyonlarla manat olan torpaq sahələri mərkəzdən kənar ərazilərdə də mövcuddur.
Belə ki, Şıxov və Xocəsən qəsəbələrində qiyməti 25 milyon, Lökbatanda 22 milyon, Buzovnada 21 milyon, Mərdəkanda 20 milyon manata satışa çıxarılan torpaq sahələrinə rast gəlmək mümkündür.
Ekspert Elnur Fərzəliyev deyir ki, qiymətlərin yüksək olması yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə yararlı torpaqların azlığı ilə əlaqədardır:
"Xüsusən də yolkənarı, qeyri-yaşayış obyektləri üçün yararlı torpaq sahələrinin satış qiymətlərində kəskin artımlar müşahidə olunur. Qiymət dəyişimi yerləşdiyi ərazidən və ümumi torpaq sahəsindən asılıdır. Hazırda paytaxtda çoxmənzilli binaların inşası üçün torpaq sahələri məhdud və qiymətlərin yüksək olması səbəbindən tikinti şirkətləri daha çox pilot layihələr üzərindən qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarını sökərək onların üzərində yeni hündürmərtəbəli binalar inşa edirlər".
Ekspert hesab edir ki, bəzi ərazilərdə qiymətlər sabit qalsa da, ümumilikdə tikintiyə yararlı torpaq sahələrinin bahalaşması davam edəcək.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər