Xəbər lenti

Müxalifət namizəd müəyyən edə bilmir: Ərdoğanın rəqibi kim olacaq?
Dünya 13:35 03.03.2023

Müxalifət namizəd müəyyən edə bilmir: Ərdoğanın rəqibi kim olacaq?

"Belə görünür ki, İYİ Partiyanın sədri Meral Akşener Kamal Kılıçdaroğlunun namizədliyinə qarşıdır”. 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Türkiyənin müxalifət bloku olan "6-lı masa”nın dünən baş tutan toplantısından çıxın nəticələrdən danışarkən deyib.

"Açıqlamadan da belə görünür ki, "6-lı masa” digər mövzularda ortaq fikrə gəlsə də, vahid namizədin kimliyi məsələsində anlaşa bilməyiblər. "6-lı masa"nın əsas namizədləri blokun flaqmanı olan CHP üzvləridir. CHP sədri Kamal Kılıçdaroğlu, İstanbul bələdiyyəsinin sədri Əkrəm imamoglu və Ankara bələdiyyəsinin sədri Mansur Yavaş. CHP elan etməsə də, partiya rəhbərliyinin açıqlamasından belə görünür ki, əsas namizəd Kamal Kılıçdaroğludur. Belə görünür ki, İYİ Partiyanın sədri Meral Akşener buna qarşıdır. Burada üzdə olan versiya Kamal Kılıçdaroğlunun Ərdoğan qarşısında zəif olması, prezidentliyə vahid namizədin daha gənc və perspektivli, mühafizəkar camiəyə yaxın İmamoglu və ya sağ millətçi kəsimə yaxın, Ankarada bələdiyyə sədri kimi ciddi nüfuz qazanmış Yavaşın olmasını təklif etməsi ilə bağlıdır. Yəni görünən və ya göstərilən səbəb budur”, deyə Kənan Rövşənoğlu bildirib.



Ekspert qeyd edib ki, prosesdə üzdə vurğulanmayan başqa amillər də var: 

"Meral xanımın partiyası nisbətən yeni olsa da, hazırda rəy sorğularina görə AKP və CHP-dən sonra üçüncü partiyadır. Meral xanım seçkiqabağı prosesdə əlverişli şərait formalaşdırmağa çalışır. Başqa sözlə, İYİ Partiyanın sədri həm formal olaraq daha şanslı birini irəli sürmək, həm də partiyası və siyasi xəttinə daha yaxın namizədlə seçkilərə getmək, nəhayət, müxalifətin uduzacağı təqdirdə belə seckilərdən daha tədbirli və uzaqgörən siyasətçi imici ilə ayrılmağı düşünür. Bu, ağıllı gedişdir. Çünki bununla həm də elektorat və partiyasından olacaq etirazları sakitləşdirir”. 

Bütün hallarda həmsöhbətimiz düşünür ki, istənilən halda 6 martda ortaq qərar olacaq: "6-lı masa"nın parçalanması ehtimalı çox azdır”. 

Qeyd edək ki, dünən Türkiyənin müxalif "6-lı masa”da təmsil olunan CHP, İYİ, Səadət, DEVA Partiyası, Gələcək Partiya və Demokrat Partiyası rəhbərləri prezidentliyə namizədi müəyyən etmək üçün növbəti dəfə bir araya gəliblər. Görüşdən sonra vahid namizədin martın 6-da açıqlanacağı bildirilib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->