Xəbər lenti

Millimizin baş məşqçisi: “Bu, tərif deyil, faktdır”
İdman 15:20 21.06.2023

Millimizin baş məşqçisi: “Bu, tərif deyil, faktdır”

19 yaşadək futbolçulardan ibarət millimiz təlim-məşq toplanışını başa vurdu. Komanda hazırlıq çərçivəsində iki yoldaşlıq oyunu keçirdi. Əvvəlcə Gürcüstan millisi ilə qarşılaşan kollektiv 2:1 hesablı qələbəyə sevindi. Daha sonra futbolçuarımızın Belarusdan olan həmyaşıdları ilə görüşü 1:1 hesabı ilə yekunlaşdı. 

Komandanın baş məşqçisi Aqil Nəbiyev Qaynarinfo-ya açıqlamasında toplanışı dəyərləndirib. O, futbolçuların durumu ilə yanaşı, qarşıdakı planlardan da danışıb.

"Ayın 9-da yığımışdıq. 12-nə qədər Bakıda, daha sonra Qəbələdə toplanışımız oldu. 16-sı Gürcüstan millisi, 20-si isə Belarusla yoldaşlıq matçı keçirdik. Ümumilikdə komandadan razı qaldım. Təbii, çatışmazlıqlar var. Hansı ki, yavaş-yavaş aradan qaldırıla bilər. Bəzi problemlərimiz vardı. Bir neçə futbolçumuz düşərgədə yox idi. Zədə və bəzi səbəblərə görə 6 futbolçunun xidmətindən yararlana bilmədik. Onların əvəzinə dəvət etdiklərimiz özlərini göstərməyə çalışdılar. Gürcüstan millisinə qarşı həqiqətən yaxşı oyun göstərdik. Ümumiyyətlə hər iki oyunu yüksək səviyyədə keçirdik. Daha çox topa sahib olan tərəf idik. Rəqiblərdən daha keyfiyyətli oynamışıq. İstər futbolçular, istər məşqçilər üçün bir təcrübə oldu. Toplanışdan razı qaldım. Futbolçuların bəzilərinin fiziki durumunda problem vardı. "Zirə”dən bir neçə futbolçu dəvət etmişdik. Hansı ki, mayın 24-dən məşq etmirdilər. Sadəcə, iyunun 9-na qədər fərdi şəkildə çalışıb düşərgəyə qoşulmuşdular. Bunu anlayışla qarşılayırıq. Yenə də bacardıqları qədər özləini göstərməyə çalışdılar”.

Nəbiyev toplanışdan əvvəl millidə futbolçularla bağlı edilən bəzi dəyişikliklərin səbəbi, həmçinin qonşu ölkələrdən dəvət olunmuş oyunçuların durumu haqda da danışdı:

"Başqa səbəb yoxdur. Yeni futbolçular dəvət edirik ki, onları da görək. Bəziləri zədə ilə əlaqədar geri qayıtdı. Komandaya qoşulanların əzələlərində problem vardı. Məşqlərdən sonra onları başqaları ilə əvəzlədik. Dörd qapıçı dəvət etmişdik. Yenilərin məşqləri haqda məlumatlar toplamağa çalışdıq. "Rustavi”dən dəvət etdiyimiz futbolçu müəyyən səbəblərdən gələ bilmədi. Amma digəri, "Dinamo”da çıxış edən (Sankt-Peterburq) Nahid Əliyev burada idi. Nahid yaxşı formadadır. Rusiyada yarışlar davam etdiyi üçün fiziki durumu normal idi”.

U-19-un toplanış üçün açıqlanan siyahısında "Kəpəz” heç bir futbolçu ilə təmsil olunmadı. Mütəxəssis bunun səbəblərini belə izah etdi:

"Əvvəllər "Kəpəz”dən futbolçu dəvət edirdik. Hazırkı mövqedə olanlar keyfiyyətcə "Kəpəz”dəkilərdən daha üstün olduğu üçün dəvət etməmişdik, başqa səbəb yoxdur. Gəncədəki futbolçuları məndən çox izləyən məşqçi yoxdur. Hamısını yaxından tanıyıram. "Kəpəz”in koordinatoru İlham Səmədovla daimi əlaqə saxlayırıq. U-19 liqasında 11 komanda var. Keyfiyyətlə əlaqədar futbolçu seçimimiz məhduddur. 250 nəfərin arasında 30 keyfiyyəli futbolçu tapmalıyıq. Bu, bəhanə deyil, faktlardır. Növbəti toplanışımız zamanı, kimlər formadadırsa, dəvət edəcəyik”.
 


Baş məşqçi daha bir neçə toplanış nəzərdə tutulduğunu söylədi:

"Noyabrda Avropa Çempionatında iştirak etməliyik. Buna qədər hardasa üç toplanış nəzərdə tutulub. Amma avqustdakı toplanışımız tam dəqiq deyil. FİFA-nın toplanış üçün göstərdiyi tarixə uyğun gəlmədiyinə görə həmin vaxt rəqib tapmaq çətin olur. Sonuncu toplanışımız martda olmuşdu. Arada fasilə çox idi. Uşaqların tez-tez yanımızda olmasını istəyirik. Həm də klublara maneçilik yaratmaq niyyətində deyilik. Rəqib tapsaq, yəqin ki, avqustda toplanış keçirəcəyik. O cümlədən sentyabr-oktyabr aylarında da hazırlıqlarımız olacaq. Əsas problemlər futbolçu çatışmazlığı ilə bağlıdır. Hər dəfə toplanışa tam heyətlə başlaya bilmirik. Baxmayaraq ki, istər Bakıda, istər bölgələrdə bütün oyunları izləyirik, keyfiyyətli oyunçular tapmağa çalışırıq. Millinin məşqçilərinin ən böyük vəzifəsi yaxşı seleksiya aparmaqdır. Üç-dörd gün məşq keçiriləndən sonra oyuna çıxırlar. Bunu hiss etdirməməyə çalışırıq. Bütün bunlara rəğmən, oyunlarımızı izləyənlər inkişafı hiss edə bilərlər. Bu, tərif deyil, faktdır”.

Yığmamızın sabiq müdafiəçisi klublardakı məşqçilərin 19 yaşlılarla bağlı işlərini də dəyərləndirdi:

"Demək olar, hər klubun məşqçisi, koordinatorları ilə ünsiyyətdəyik. Çünki futbolçuları oradan dəvət edirik. Hər şey "100 faiz əldır” deyə bilməsəm də, normal olduğunu söyləməliyəm. Davam edirik, klublar da istəyir ki, keyfiyyətli futbolçu yetişdirib milliyə göndərsinlər.  Çatışmazlıqlar var, çalışırıq, aradan qaldıraq. Komanda sayı çox olsa, seçimlərimizdə də problemlər yaranmaz”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->