Xəbər lenti

İlin sonunadək dünya şirkətləri 1,7 trilyon dollarlıq dividend ödəyəcək - REKORD
Dünya 18:59 21.11.2024

İlin sonunadək dünya şirkətləri 1,7 trilyon dollarlıq dividend ödəyəcək - REKORD

2024-cü ilin sonuna qədər dünya üzrə şirkətlər səhmdarlara ümumi məbləği 1,7 trilyon ABŞ dolları məbləğində dividend ödəyəcək, Bununla da ötən illə müqayisədə dəyər 4,2% artıraraq rekord həddə çatacaq. 

Qaynarinfo xəbər verir ki, bu proqnoz Britaniya-Amerika investisiya fondu Janus Henderson tərəfindən hazırlanan Qlobal Dividend İndeksi hesabatında yer alıb.

Janus Henderson analitiklərinin fikrincə, üçüncü rübdə dividendlər illik müqayisədə 3,1% artaraq rekord həddə - 431,1 milyard dollara çatıb. Ödənişlər ən çox Yaponiyada (14,4%), şirkət analitiklərinin daxil olduğu inkişaf etməkdə olan bazarlarda (8,9%) və Şimali Amerikada (8,7%) artıb. Konkret olaraq Çində dividendlər 15,4% yüksəlib. Bununla belə, bəzi digər regionlarda əhəmiyyətli azalmalar qeydə alınıb: Asiya-Sakit okean regionunda 9,9% (Yaponiya və Çin istisna olmaqla), Böyük Britaniyada 7,1%, Avropada 1,6% (Böyük Britaniya istisna olmaqla).

Hesabat müəllifləri qeyd edirlər ki, göstəricilər sektorlar üzrə kəskin şəkildə fərqlənir: dividendlər ən çox qeyri-vacib istehlak malları sektorunda (41,7%), telekommunikasiya və media sektorunda (35,6%) və maliyyə sektorunda (7,7%) artıb. Eyni zamanda, onlar xammal istehsalı (26,3%), kommunal xidmətlər (16,1%) və neft-qaz və enerji sənayesi (5,7%) kimi sahələrdə azalıb.

Şirkətlər arasında üçüncü rübdə dividendlərə görə liderlər üç Çin korporasiyası olub: "China Construction Bank", mobil operator "China Mobile" və neft-qaz şirkəti "PetroChina". "Microsoft" dördüncü, "Apple" yeddinci yerdədir. 

Janus Henderson analitikləri qeyd edirlər ki, dividendlərin artmasına bu il ilk dəfə olaraq onları ödəməyə başlayan şirkətlər, ilk növbədə, "Alibaba", "Alphabet" və "Meta" mühüm töhfə verib.

Aydın



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->