Laçının Zabux kəndidə qanunsuz məskunlaşmış 14 erməni ailəsi Ermənistanın Zəngəzur vilayət administrasiyasına müraciət edib.
Qaynarinfo xəbər verir ki, bunu "Sputnik Ermənistan”a Zəngəzur qubernatorunun müavini Nare Qazaryan
deyib.
Qeyd edək ki, Laçın dəhlizinə çəkilən alternativ yol hazır olması səbəbindən Laçın şəhəri, rayonun Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmış ermənilərə avqustun 25-dək ərazini tərk etmək üçün vaxt verilib.
Zəngəzurun vitse-qubernatorunun sözlərinə görə, artıq bir həftədir ki, vilayət qubernatorunun tapşırığı ilə bölgəyə köçmək istəyənlərin problemləri ilə məşğul olan işçi qrupu yaradılıb. Hazırda ordakı mənzillərin və iş yerlərinin siyahısı hazırlanır.
"Hazırda Ağavnodan (Zabux-red.) 14 ailə Sünikdə (Zəngəzur) məskunlaşmağa hazırlaşır, lakin onlar hələ hansı kənddə məskunlaşacaqlarına qərar vermədilər", deyə Nare Qazaryan bildirib.
Qubernator müavini həmçinin Laçından çıxacaq iki ailəni də gözlədiklərini bildirib.
Nare Qazaryanın sözlərinə görə, Qarabağdan gələnlər üçün yerləşdirmə və yükdaşıma məsələsi indi aktualdır. Vilayət rəhbərliyi insanların əşyalarını daşıması üçün yük maşını və yanacaq verməyə çalışır.
Vitse-qubernator bildirib ki, məktəbdə, uşaq bağçasında, tibb müəssisəsində işləyən insanlar Zəngəzurda öz ixtisasları üzrə iş tapmağa çalışırlar: "Toplanan məlumatlar göstərir ki, bizdə məktəblərdə və tibb müəssisələrində kifayət qədər vakant yer var".
Ermənistanın Əmək və Sosial İşlər Nazirliyi "Sputnik Ermənistan”a bildirib ki, Zabux, Sus və Laçın şəhərindən köçənlərə aylıq 40 min dram (təxminən 100 dollar) məbləğində dəstək veriləcək. Onlar bu məbləği mənzil məsələsi həll olunana qədər alacaqlar.
Aydın
Şərhlər