Milli Məclisin keçmiş sədri, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Dövlət Sosial Müdafiə Fondunu (DSMF) məhkəməyə verib.
Bu barədə Qaynarinfo-ya vəkil Nemət Kərimli bildirib. Onun sözlərinə görə, İsa Qəmbərin şikayəti Bakı İnzibati Məhkəməsinə təqdim edilib.
Vəkil deyib ki, keçmiş spikerin şikayətində əmək pensiyası hüququnun pozulduğu qeyd olunur. Nemət Kərimli əlavə edib ki, İsa Qəmbər xüsusi şərtlərlə əmək pensiyası almalıdır. Lakin qurum qanuna riayət etmir:
"Biz Bakı İnzibati Məhkəməsindən Dövlət Sosial Müdafiə Fondunun boynuna "Əmək pensiyaları haqqında” qanuna riayət etmək, Milli Məclisin sədri olmuş İsa Qəmbərə sədrin əməkhaqqının 80 faizi qədər əmək pensiyası kəsmək öhdəliyi qoyulmasını istəmişik. Hazırda Milli Məclisin sədri 2475 manat maaş alır”.
Qeyd edək ki, 24 fevral 2022-ci ildə İsa Qəmbərin 65 yaşı tamam olub. Mayın 11-də keçmiş spikerə yaşa görə 180 manat müavinət kəsilib. DSMF bunu İsa Qəmbərin spikerin sənədlərinin 25 il sığorta stajı və minimum pensiya kapitalı ilə bağlı şərtə uyğun gəlməməsi ilə izah edib.
İsa Qəmbər 1992-1993-cü illərdə Milli Məclisin spikeri, 1992-ci il mayın 18-dən iyunun 17-dək isə prezident səlahiyyətlərini icra edən şəxs olub.
Seyid
Şərhlər