"İranın Zəngəzura qoşun yeridəcəyi ilə bağlı məlumatların heç bir əsası yoxdur, indiki halda bu, mümkünsüzdür”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Ayna-Zerkalo” qəzetlərinin rəhbəri, analitik Elçin Şıxlı İranın Zəngəzura hərbi müdaxilə edə biləcəyi ilə bağlı məlumatları şərh edərkən deyib.
"Çünki ortada heç bir hüquqi əsas yoxdur. İrəvan İranı rəsmi qaydada dəvət etmədiyi halda və əldə heç bir hüquqi sənəd olmadan Tehranın belə bir addıma getməsi işğal hesab oluna bilər. Düşünmürəm ki, İran hər hansı bir rəsmi sənəd olmadan Ermənistan ərazisinə qoşun yeritsin. Bunun üçün Ermənistanın parlamentin təsdiqilə rəsmi dəvəti olmalıdır. Sözsüz ki, Ermənistan da buna getməz. Çünki bu halda Qərblə münasibətləri korlana bilər".
Qeyd edək ki, bir müddət əvvəl İranın öz qoşunlarını Ermənistana yerləşdirə biləcəyilə bağlı fikirlər səslənib. Tehranın bu yöndə təkliflərdə bulunduğu bildirilir. Amma verilən təkliflərə rəğmən İranla Ermənistan arasında "Qarşılıqlı yardım haqqında” hərbi yardımla bağlı ortalıqda hər hansı bir sənəd yoxdur. Bu da İranın Zəngəzura ordu yerləşdirmək istəyinin hüquqi əsasının olmadığını göstərir.
Rüfət Sultan
Şərhlər