Mart ayının 29-da Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev əkin sahələri əsasən Araz çayından su ilə təmin edilən İmişli, Saatlı, Biləsuvar və Cəlilabad rayonlarının icra hakimiyyəti başçılarının və aidiyyəti təşkilatların mütəxəssislərinin iştirakı ilə görüş keçirib.
Qaynarinfo xəbər verir ki, bu barədə qurum məlumat yayıb. Qeyd edilib ki, su itkilərinin qarşısının alınması məqsədi ilə respublikanın bir sıra bölgələrində torpaq məcralı kanallar beton üzlüyə alınır, o cümlədən İmişli rayonu ərazisində yerləşən Boztəpə və Qızılarx kanallarının beton üzlüyə alınmaqla yenidənqurulması işləri həyata keçirilir. Əkinlərin optimal müddətlərdə suvarma suyu ilə təmin edilməsi və su təminatının yaxşılaşdırılması məqsədi ilə yerli istismar idarələrinə səyyar tipli nasos stansiyaları verilib.
Görüş zamanı su ehtiyatlarının qeyd olunan rayonlar arasında, hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun olaraq bölüşdürülməsi barədə qərar qəbul edilib.
Son vaxtlar su təminatında ciddi çətinliklər yaranan Saatlı rayonunda Sabir kanalı suvarma sisteminin xidməti ərazisində yerləşən 14 kənd üzrə su bölgüsü qrafiki müəyyənləşdirilib.
Şərhlər