Türkiyə Superliqasında çıxış edən "Antalyaspor"un futbolçusu Saqiv Jehezkel nəzarətə götürülüb.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb onun "Trabzonspor"la oyunda etdiyi hərəkətlər olub. Meydan sahiblərinin qolunu vuran israilli futbolçunun sevinci kəskin reaksiya doğurub. 28 yaşlı futbolçu qol vurduqdan sonra biləyində İsrail - Qəzza müharibəsinə işarə olan "100 gün... 7 oktyabr” sözlərini göstərib.
"Antalyaspor"un mətbuat xidmətindən verilən məlumata görə, artıq heyətdən kənarlaşdırılan futbolçunun klubla müqaviləsinə qısa müddət ərzində son qoyulacaq. Ədliyyə nazirliyindən futbolçu ilə bağlı istintaq başladıldığı da bildirilib.
Türkiyə Futbol Federasiyası da rəsmi açıqlamada bu addımı pislədiyini ictimaiyyətin nəzərinə çatdırıb.
Bu Jehezkelin ölkəsini dəstəkləmək üçün atdığı ilk addım deyil. O, "Qaziantepspor"la qarşılaşmadan öncə də fələstinlilər üçün birdəqiqəlik sükuta qoşulmamış və bir həftə əsas komandadan uzaqlaşdırılmışdı.
"Antalyaspor" - "Trabzonspor" görüşü 1:1 hesabı ilə yekunlaşıb.
Səbuhi Həsənov
Şərhlər