Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi Konfrans Liqasında "Beşiktaş"ın "Luqano" ilə matçını tribunadan izləmişdi.
Qaynarinfo-nun məlumatına görə, oyun zamanı azarkeşlərin sərt reaksiyalarından sonra prezident stadionu tərk etmişdi. Türkiyə mətbuatında yer alan xəbərlərə görə Büyükekşini təhqir edən 41 nəfərə istintaq işi açılıb. Şübhəlilərin 1 il 2 aydan 2,5 ilədək azadlıqdan məhrum edilməsi və cərimələnməsi istənilib.
İstanbul məhkəməsində açılan iddiada şübhəlilərə qarşı "vəzifə borcuna görə dövlət məmurunu açıq şəkildə təhqir etmək” ittihamı irəli sürülüb. Şübhəlilərdən bəzilərinin stadiondakı kameralar vasitəsilə müəyyən edildiyi bildirilib.
Polis idarəsində ifadəsi alınan həmin şəxslərdən doqquzu təhqiramiz şüarları müşayiət etdiklərini, 32-si isə müxtəlif səbəblər göstərərək bu təhqirlərə qatılmadıqlarını bildiriblər. Hətta bəziləri oyuna belə getmədiklərini deyib. İttihamları rədd edən şübhəlilərin kamera görüntüləri və hüquq-mühafizə orqanlarının məlumatlarına əsaslanaraq ifadələri qəbul olunmayıb.
Nəticədə onların bir il iki aydan 2,5 ilə qədər azadlıqdan məhrum edilməsini və 50 gündən az olmamaq şərti ilə məhkəmə cəriməsi ödəməsi istənilib. Bundan əlavə, şübhəlilər cəzanın icrasından sonra bir il müddətinə idman yarışlarına baxmaqdan və ya idmanla bağlı hər hansı idarəçilik etməsinə qadağa qoyulması tələb olunub.
Səbuhi Həsənov
Şərhlər