"İqtidar bu məhkəmə qərarı ilə müxalifət koalisiyasını parcalamağa çalışır”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu Türkiyə məhkəməsinin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu barəsində 2 il 7 aylıq həbs qərarı verməsi fonunda qardaş ölkədə proseslərin hansı istiqamətdə cərəyan edə biləcəyindən danışarkən deyib.
"Bu həbs qərarı siyasi gərginliyi daha da artıracaq. Hər kəsə aydındır ki, verilən qərar siyasidir. Necə ki, 25 il əvvəl İstanbul bələdiyyəsi sədri olan Ərdoğana qarşı məlum məhkəmə qərarı siyasi idi, indi də İmamoğluna qarşı verilən qərar siyasidir. Çünki birincisi, ittiham tam sübuta yetirilməyib, ikincisi isə hətta sübuta yetirilsə belə, bu iddiaya görə onun siyasi fəaliyyətini yasaqlamaq əsassızdır. Aydın məsələdir ki, İmamoglunun müxalifətin prezidentliyə vahid namizədi olması prosesinə mane olmaq məqsədi daşıyır”, deyə Kənan Rövşənoğlu bildirib.
Ekspertə görə, qərar iqtidar üçün ciddi risklidir: "Çünki qərar işləsə, İmamoglunun prezidentliyə namizəd olmasının yolu bağlanacaq. Lakin bunun əksi də ola bilər, qərar Türkiyədə iqtidardan narazı olan qüvvələri birləşdirə və nəticədə qərarın ləğv olunması, İmamoglunun "məzlum lider" kimi müxalifətin vahid namizədi olaraq seçkiyə qatılması ilə nəticələnə bilər. Bu olsa, hakimiyyət "topuguna güllə vurmuş" olacaq".
Həmsöhbətimiz ehtimal edir ki, iqtidar bu məhkəmə qərarı ilə müxalifət koalisiyasını parcalamağa çalışacaq: "Çünki İmamoglunun namizədliyinə qarşı olan qüvvələr hərəkətə keçəcək, nəticə etibarilə müxalif düşərgə bölünəcək. Ərdoğan riskli gediş etdi, indi növbə müxalifətindir. Əgər müxalifət dediyi qədər məqsəd və hədəflərində səmimidirsə, daha optimal və rasional yolu seçəcək, yox əgər, seçə bilməsə, daxildə bölünmə yaransa o zaman demək ki, seçkinin taleyi həll olunub”.
Rüfət Sultan
Şərhlər