"Hazırkı vəziyyətdə bu görüş Türkiyə üçün müsbət hadisədir".
Bunu Qaynarinfo-ya açıqlmasında siyasi şərhçi Kənan Rövşənoğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ana müxalifət lideri, CHP sədri Özgür Özəllə görüşünü şərh edərkən deyib.
Həmsöhbətimizin fikrincə, görüşdə əsas məqsəd ölkədə cərəyan edən gərgin atmosferi yumşaltmaqdır:
"Bu görüşü əslində jest saymaq olmaz. Görüş bir neçə həftədir, seçkilərdən sonra gündəmə gəlib. Aydın məsələdir ki, əsas məqsəd ölkədəki gərgin atmosferi yumşaltmağa, seçkilərdən sonra yaranmış vəziyyəti dəyişməyə hesablanıb. Ərdoğan müxalifətlə bağları qoparmışdı, siyasi qüvvələr arasında münasibətlər gərgin idi. Amma indi o, hiss edir ki, yumşalma atmosferi lazımdır".
Ekspertə görə, belə bir görüşlə Ərdoğan həm də Qərbə mesaj verir:
"Ərdoğana hazırda Qərblə münasibətləri normallaşdırmaq lazımdır. Onun Amerikaya səfəri baş tutmur, heç bir Qərb investoru gəlmək istəmir. Ərdoğan anlayır ki, daxili auditoriya üçün sərt ritorika ilə bir müddət getmək olar, amma xaric üçün bu keçmir".
Kənan Rövşənoğlu düşünür ki, yeni Konstitusiya layihəsi də belə bir görüşü zəruri edib:
"Nəhayət, konkret mövzular var, onlardan biri də yeni Konstitusiya layihəsidir. Yeni Konstitusiya üçün isə müxalifətin dəstəyi lazımdır. Buna görə də Özəllə görüşdü. Ümumilikdə hazırkı vəziyyətdə bu görüş Türkiyə üçün müsbət hadisədir".
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 8 illik fasilədən sonra ilk dəfə CHP lideri ilə görüşüb. Görüş Ədalət və İnkişaf Partiyasının Ümumi Qərargahında baş tutub və saat yarım davam edib.
Özəl prezident Ərdoğanla görüşündən sonra "Sözcü”yə açıqlama verib: "Görüş müsbət atmosferdə keçdi və müsbət nəticələr verəcəyinə ümid edirəm. Önümüzdəki günlərdə hadisələri izləyəcəyəm. Müzakirə və mübarizəmizi birlikdə aparacağıq".
Prezident Ərdoğanın yaxın vaxtlarda CHP mənzil-qərargahını ziyarət edəcəyi də gözlənilir.
Rüfət Sultan
Şərhlər