NBA klubu "Memfis Qrizliz"in basketbolçusu Ja Morant sosial mediada əlində silah tutduğu fotosunu paylaşdığına görə komandadan daha 4 oyun uzaq qalacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yer alıb. Açıqlamada Morantın cəzasının daha 4 oyun uzadıldığı bildirilib. Lakin hadisəni araşdıran Qlendeyl Polis Departamenti heç bir cinayət dəlili aşkarlanmadığını və 23 yaşlı basketbolçuya qarşı ittiham irəli sürülməyəcəyini açıqlayıb. NBA rəhbərliyi isə hələ də Morantla bağlı sanksiya qərarı verməyib.
Gecə klubunda rəqs edərkən çəkdirdiyi videonun bir hissəsində əlindəki silahı göstərən ABŞ basketbolçusu görüntünü İnstaqram hesabından canlı yayımlayıb. Basketbolçu daha sonra davranışına görə Memfis şəhər rəhbərliyindən və klubundan üzr istəyib.
NBA-da 4-cü ilini keçirən Morant, 2020-ci ildə ilin ən yaxşı, 2022-ci ildə isə ən yaxşı inkişaf edən oyunçu seçilib.
Bu mövsüm hər oyunda orta hesabla 27,1 xal, 8,2 asist və 6 ribaundla yadda qalan ulduz basketbolçu klubunun əsas oyunçularındandır. Morantın oynamadığı son iki oyunda məğlub olan komanda 38 qələbə və 26 məğlubiyyətlə Qərb Konfransında üçüncü pillədə yer alır.
Səbuhi Həsənov
Şərhlər