Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Norveçin Stavanger şəhərində keçirilən "Norway Chess" turnirində sonuncu görüşünü keçirəcək.
Qaynarinfo xəbər verir ki, Məmmədyarov digər həmyerlimiz Teymur Rəcəbovla qarşılşacaq. 37 yaşlı qrossmeyster ağ fiqurlarla oynayacaq. Şəhriyar hazırda 14,5 xalla ikinci pillədə qərarlaşıb. 6,5 xalı olan Rəcəbov isə 9-cu sıradadır.
Yarışa 15 xalla norveçli dünya çempionu Maqnus Karlsen liderlik edir. Karlsen xal itirəcəyi, Məmmədyarov isə Rəcəbovu məğlub edəcəyi təqdirdə, turnirin qalibi olacaq. Norveçli dünya çempionu uduzacağı halda isə azərbaycanlı qrossmeysterə heç-heçə də kifayət edəcək.
Yarışda qələbəyə 3, heç-heçəyə 1 xal verilir. Şahmatçı heç-heçədən sonra armageddonda qələbəyə nail olacaqsa, 1,5 xalı aktivinə yazdırır. Burada uduzan qrossmeyster 1 xalla kifayətlənir.
İyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.
Səbuhi Həsənov
Şərhlər