"Şamaxı” əsasən gənclərdən təşkil olunsa da, Premyer Liqada əzmkarlığı ilə seçilən komandalardandır. Məşqçi, millimizin sabiq üzvü Cavid Hüseynovun yerli oyunçulardan formalaşdırdığı bölgə təmsilçisi hazırda 2 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşmasına baxmayaraq, mübarizəsi ilə heç də digərlərindən geri qalmır. Bəs heyətdə nə çatmır, komanda ilə bağlı hansı planlar var? Bu və digər suallarımıza cavab almaq üçün elə qarşılaşmadan sonra Hüseynovla atüstü bir söhbət etdik.
O, Qaynarinfo-ya müsahibəsində həm komandasının çıxışı, həm özünün yaratdığı, hazırda Region Liqasında mübarizə aparan "Cəbrayıl”, həm də şəxsi karyerası ilə bağlı fikirlərini bölüşdü.
- Əvvəlcə, oyunla bağlı fikirlərinizi bilmək istərdik…
- Elə komandayıq ki, həqiqətən də nəticə bizim üçün önəmli deyil. Nəticə futbolçularımızın inkişafıdır. Komandanın özəyi yerlilərdən təşkil olunub. Buna baxmayaraq, niyyətimiz odur ki, yaxşı oynaya-oynaya xal qazanaq. "Qarabağ”ı çıxmaq şərtilə bütün rəqiblərə qarşı yaxşı oynamağımıza baxmayaraq, xallar itirmişik. Sadəcə, bu gün bəlkə də ikinci hissədə istədiyimiz kimi oyun göstərə bilmədik. Qol buraxdıqdan sonra uşaqlar şoka düşmüşdü. Yenə də özümüzü itirmədik. Mətbuata baxıram, bəzən yaxşı oyunumuzu az işıqlandırırlar. İndiyə qədər meydana çıxdığımız oyunlarda ancaq hücum futbolu sərgiləmişik. Əslində, müdafiəni də unutmuruq. Sadəcə, bu o qədər də qabardılmır. Unutmaq lazım deyil ki, yerli oyunçulardır. Bəlkə də bacardığımızdan daha artığını edirik. Daim çalışırıq, uşaqlara inamımızı çatdırırq. Problem odur ki, futbolçularımızın çoxunda xarakter çatışmazlığı var. Çalışırıq ki, bunu düzəldək, həm də gözəl oyunla qələbələr qazanaq. Təəssüf ki, hələ qismət olmayıb. Yaxşı çıxış edib məğlub olduğumuz oyunlar da var. Bu gün ikinci hissədə yaxşı oynamasaq da, xal qazandıq.
- Əzmkar komanda formalaşdırmısınız, yəqin ki, bu il üçün qarşıya ciddi məqsəd qoyulmayıb.
- Xeyr, heç bir yerdən söhbət gedə bilməz. Düzdür, daha irəli pillələrdə qərarlaşmaq istəyirik. Sadəcə, bunun xal xətrinə olmasını istəmirik. Futbolçuların inkişaf etməsinə çalışırıq. Bildiyiniz kimi, iki-üç futbolçudan başqa qalanları gəncdir. "Şamaxı”nı Azərbaycan futboluna xidmət edən bir komanda kimi formalaşdırmışıq.
- Oyun zamanı baş hakimlə mübahisəniz düşmüşdü. Bu nə ilə əlaqədar idi?
- Bir-iki epizodda mübahisə etdim. Çünki xırda fol olsa da, qeydə alınmadı. Eyni hal bizə qarşı da olurdu. Amma hakim komandamıza qarşı cərimə zərbəsi elan edirdi. O dərəcədə böyüdüləsi bir şey deyil.
- Artıq bir neçə oyundur Premyer Liqada komanda idarə edirsiniz. Təəssüratlarınız necədir?
- Premyer Liqamızda 10 komandanın iştirak etməsi sevindiricidir. Mətbuatı yaxından izləyirəm. Komandamızın üstünə çox "yükləniblər”. O mənada ki, nədi-nədi qarşıya Avroliqa məqsədi qoyulmayıb. Düşünmək lazımdır ki, ən azı azərbaycanlı futbolçular məhv olmur. 25 oyunçumuz var, önləri açılır. Bizə daha yaxşı yanaşsalar, uşaqlar üçün motivasiya olar. Düzdür, heç bir rəqibdən geri qalmırıq. İstər oyun, istər mübarizə baxımından. Bu uşaqlarla da uğur qazanmaq mümkündür. Sadəcə, bir qədər zaman lazımdır ki, xırda nüansların üzərində işləyib onları oyunumuza keçirə bilək.
- Heyət gənc futbolçulardan ibarətdir. Qış fasiləsində nələrisə dəyişmək niyyətiniz var? Çünki ardıcıl məğlubiyyətlər futbolçularınıza yaxşı təsir etməyə bilər?
- Bu futbolçular axır-əvvəl təcrübə qazanmalıdırlar. Heyəti legionerlərlə doldursaq, ən azı 5-6 futbolçunun önünü kəsəcəyik. Amma çempionatımızda belə komandanın olmasının nəyi pisdir ki? Qoy yerlilərdən ibarət olsun də. Kim deyir ki, daim məğlubiyyət yaşanacaq? Yenə deyirəm, bu günə qədər "Qarabağ”ı çıxmaq şərtilə oyun baxımından heç kimdən geri qalmadıq. Hətta "Qəbələ”yə 1:3 hesabı ilə məğlub olduğumuz görüşdə də yaxşı oynadıq. Detallarla analiz etsələr, görərlər ki, komandamızın həm hücumu, həm də müdafiəsi var. Təcrübəsizdirlər, konsentrasiya çatışmazlığı olacaq. Birəbirdə ola bilər ki, bəzi futbolçular zəif görünsün. Bunun da üzərində çalışmaq lazımdır, bir günün işi deyil. Xırda amillər var ki, uşaqlıqdan olmalıdır. Biz isə ümumi komandaya məşq keçirik. Premyer Liqada uşaqlara bəzi şeylər öyrədirik, hansı ki, bunları 14-15 yaşında olanda keçirlər.
- Yaratdığınız və hazırda Region Liqasında çıxış edən "Cəbrayıl”da durum necədir? Komandanın fəaliyyətini dayandırmaq fikriniz yoxdur ki?
- Xeyr, bu il də Region Liqasında çıxış edəcək. Maraqlanıram, seçimlər aparılır. Daim əlaqədəyik, istəyirik ki, Cəbrayıl rayonunu təmsil edən komanda Premyer Liqada oynasın. Amma fəaliyyətini dayandırmaq fikrimiz yoxdur. Davam edirik.
- Hazırda komandanı kim çalışdırır?
- Azər Nəsirov. Bizim oyunçumuz olub. Getdiyimiz yolu davam etdirməsini istəyirik. Onların qarşılarına çempionluq və ya başqa məqsəd qoymamışıq. Heç başlayanda da çempion olmaq niyyətində deyildik. Sonradan gördük ki, mümkündür. Əsas odur, Region Liqasında komandamız var.
- "Cəbaryıl”la bağlı qarşıdakı planlarınız necədir? Birinci Divizionda iştirak etmək məqsədi olacaq?
- Əslində, komandanın Birinci Diviziona yüksəlməsini istərdik. Gələcəkdə görək necə olacaq.
- Məşqçi kimi hələ ki, PRO lisenziyasına malik deyilsiniz. Bu yöndə işlərinizi davam etdirirsiniz?
- PRO Lisenziyam yoxdur. Hələ "A” kateqoriyası üzrə kurslarda da oxumalıyam. Sadəcə, reqlamentə əməl etmək lazımdır. Aslan Kərimov da bildirib ki, ən azı bir il keçməlidir. Düzdür, vaxt itirmək istəməzdim. Yaxın vaxtlarda "A” kateqoriyası üzrə kurslar keçiriləcək, orada oxumaq istəyirdim, icazə vermədilər. Daha neyləmək olar? Zamanı məcburən gözləməliyəm.
Səbuhi Həsənov
Şərhlər