Azərbaycan Premyer Liqasında ötən mövsüm bitdikdən sonra "Şamaxı” Birinci Diviziona düşdü. Təbii ki, bu eniş klubun heyətinə məşqçilər korpusuna da təsirsiz ötüşmədi. Bir çox futbolçular komandanı tərk etdi. Bununla yanaşı, məşqçilər korpusunun bəzi üzvləri ilə də yollar ayrıldı. Onların arasında komandada önəmli rola malik olan Cavid Hüseynov da vardı. Hüseynov "Şamaxı”nı tərk etdikdən sonra özünün yaratdığı və növbəti mövsümdən İkinci Liqada çıxış edəcək "Cəbrayıl”a qayıtdı.
"Qəbələ”, "Zirə”, "Bakı”, "Neftçi”, Türkiyədə "Adanaspor”un formasını geyinmiş millinin sabiq üzvü "Cəbrayıl”la bağlı planları haqda Qaynarinfo-ya açıqlamasında danışıb:
"İşlərimiz davam edir, seçim turları etdik. İstəyimiz gənc futbolçulardan ibarət komanda yaratmaqdır. Əsasən 19 yaşlı futbolçulara üstünlük vermək, çempionatda yaxşı bir komanda formalaşdırmaq istəyirik. Məşqlərimiz hər gün davam edir. Futbolçu qıtlığı olduğu üçün tam komplektləşməmişik. Heyətdə neçə futbolçu olacağına, kimlərlə davam edəcəyimizə dair yekun qərar verilməyib. Yəqin ki, bu həftənin sonunda plan üzrə çalışmalara başlayacağıq. İlk mövsümdə maksimum nəticə qazanmaq, bununla yanaşı, gənclərin inkişafını, perspektiv vəd edən uşaqları üzə çıxarmaq istəyirik. Azərbaycan futboluna töhfə verməyə çalışacağıq. Bundan əlavə, oktyabr ayında "A” kateqoriyası üzrə kurslara da qatılacağam. Daha sonra, qismət olsa, PRO kateqoriyası almaq üçün də oxuyacağam”.
Hüseynov klubun büdcəsi haqda bunları deyib:
"Çox detallara toxunmayacağam. Dəstəyimiz var. Düşünürəm ki, bu dəstək sayəsində işlərimiz tam düşündüyümüz şəkildə olacaq. Heyətdə gənclərlə yanaşı təcrübəli futbolçulara da yer verəcəyəm. Sadəcə, problem odur ki, təcrübəli futbolçular daha çox Birinci Liqaya üz tutacaq. İkinci Liqaya o qədər də maraq göstərmirlər. Ancaq bizim yanaşmamız həmişə tam fərqli olub. Deyərdim ki, əksər Birinci Liqa komandalarından fərqli olaraq biz daha peşəkar yanaşırıq”.
Sabiq yarımmüdafiəçi "Cəbrayıl”ın ev oyunlarını keçirməsi üçün hələ stadion tapmadıqlarını bildirib:
"Stadion məsələsi açıq qalır. Bildiyiniz kimi, çox pis vəziyyətlə qarşılaşdıq. Azərbaycanda stadion problemi var. Komanda sayı çoxalsa da, bu problem qalmaqdadır. Hər zaman qeyd edirəm, hamı bina, mənzil tikir. Amma stadion tikən yoxdur. Bu, futbolumuza bir zərbədir. Stadion nə qədər çox olsa, futbolçularımız daha sürətli inkişaf edərdi. Məşqlərimizi hələlik "ASK Arena”nın dördüncü meydançasında keçiririk. Ev oyunlarımızı harada keçirəcəyimiz tam dəqiq deyil. Müəyyən variantlar üzərində işləyirik. Çalışırıq ki, daimi şəkildə məşq və oyun keçirəcəyimiz stadionumuz olsun”.
Maraqlıdır, Hüseynov Birinci Liqadakı rəqiblər haqda hansı məlumatlara malikdir və kimlərlə ciddi rəqabət aparacaqlarını gözləyir:
"Doqquz rayon komandası var. Eşitdiyimə görə - bilmirəm bu mətbuata çıxıb ya yox - daha iki komanda əlavə olunacaq və say 14-ə çatacaq. İndiki halda bizdə olan məlumata görə, "Qusar”, "Sportinq Baku” və "Füzuli” daha iddialıdır. Bizim yanaşmamız fərqlidir. Oyundan-oyuna yığışmırıq. Hər gün məşq edirik. Ona görə də üstünlüyü gənclərə verməyə çalışırıq. Klub startegiyası önəmlidir. Hər kəs bilir ki, bizim olduğumuz yerdə inkişaf var. Məqsədimizə nail olduqdan sonra təcrübəli futbolçuların bizimlə davam etmək şansları var. Bir problemi də deyim. Əksər futbolçular müxtəlif yerlərdə, MFL-də, çimərlik futbolunda oynayırlar. Hər gün məşq etmək onlara problem yaradır. Çünki bir neçə komandadan maaş alırlar. Bu onlar üçün daha sərfəlidir. Bizdə isə məşqlər gündəlik keçirilir deyə onlara sərf etmir. Ona görə də klubumuzda peşəkar şəkildə maaş sistemi olacaq. Mənə elə gəlir ki, İkinci Liqa üçün əla şansdır. Məncə, işə bu cür yanaşan klub təkcə bizik”.
Cavid "Şamaxı”dan ayrıldıqdan sonra ona bir çox təkliflər gəldiyini desə də, bunların gerçəkləşməsi müəyyən səbəblərdən alınmayıb:
"Görüşdüyüm klub rəsmiləri vardı. İndiki halda gözləsəydim, yenə də təkliflərim olacaqdı. Amma kateqoriya məsələsi var. Bu mənə mane olur. Kateqoriyanı tam olaraq əldə edəndən sonra işlərim daha yaxşı olacaq. Düzdür, hələ ki, fikrimizi "Cəbrayıl”ın inkişafına yönəltmişik. Qismət olarsa, Birinci Liqaya, sonra daha yüksəklərə getmək niyyətindəyik. Yenə istisna deyil ki, Premyer Liqa klublarında çalışmaq istəyirəm”.
Maraqlıdır, keçmiş yarımmüdafiəçiyə "Şamaxı”da qalmağı təklif etmişdilər? Ümumiyyətlə, klubdan incik ayrılmayıb ki?
"Şamaxı” söhbəti mənim üçün bağlanıb. Ona qayıtmasaq, yaxşıdır. Heç bir inciklik yoxdur. Belə məsləhət oldu, xeyirlisi də bu idi. Hər şey qarşıdadır”.
Səbuhi Həsənov
Şərhlər