Xəbər lenti

Siyasət 14:14 27.07.2022

"Bu, təkpartiyalı sistemin yaradılması anlamına gəlir” - Arif Hacılı

"Qanunlarda zaman-zaman dəyişikliklərin edilməsi, təkmilləşdirilməsi təbiidir. Təəsüf ki, Azərbaycanda istər Konstitusiyada, istərsə də qanunlarda edilən dəyişiklər adətən mənfi xarakter daşıyır”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı yeni hazırlanan "Siyasi Partiyalar Haqqında” qanundan danışarkən deyib.
 
"Adətən, belə qanunlarda dəyişikliklər Azərbaycanın əsas müxalifət partiyalarının fəaliyyət imkanlarının bir qədər də məhdudlaşdırılması nəzərdə tutularaq qəbul olunur. 2010-cu ilədək müxalifət az sayda da olsa parlamentdə təmsil olunurdu. Hakimiyyət bu müddət ərzində partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsini uzatdı. Bu qanunun qəbulu ləngidildi. Yalnız 2010-cu ildə heç bir müxalifət nümayəndəsi parlamentə buraxılmayandan sonra bu qanun qəbul edildi. Təbii ki, dövlət qarşısında misilsiz xidmətləri olan müxalifətçilərə hətta pensiya verməyən hökumət yeni qanuna da gerçək müxalifət partiyalarının dövlət büdcəsindən maliyələşməsini istisna edən maddələr daxil edəcək. Bu, təkpartiyalı sistemin yaradılması anlamına gəlir” - deyə Arif Hacılı bildirib.

ARAYIŞ:

Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması ilə bağlı Milli Məclis sədri Sahibə Qafarovaya müraciət ediblər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi vurğulanır.

Milli Məclisin sədri Sahibə Qafarova artıq yeni qanun layihəsinin hazırlanması haqqında müvafiq tapşırıqlar verib və sənədin hazırlanması üzrə işə başlanılıb.

Bu qanunun ictimai əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların yeni qanun layihəsi ilə bağlı təkliflərini Azərbaycan Respublikası Milli Məclisinə təqdim etmələri xahiş olunub.
 
Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->