Sabah Azərbaycan Premyer Liqasında ən maraqlı oyunlardan biri keçiriləcək. "Neftçi” "Bakcell Arena”da prinsipial rəqibi "Qarabağ”ı qəbul edəcək. Oyuna marağın böyük olacağı şübhəsizdir. Xüsusən də "Neftçi” üçün taleyüklü oyun sayılır. Çünki Laurentsiu Regekampfın komandası bu qarşılaşmada uduzacağı təqdirdə çempionluq şansları xeyli dərəcədə azalacaq. Son Azərbaycan çempionu "Qarabağ” isə qələbə qazanmaqla liderlik mövqeyini möhkəmləndirmək niyyətində olacaq.
Azərbaycanın tanınmış mütəxəssislərindən olan Şahin Diniyev sözgedən komandaların sabahkı görüşü haqda düşüncələrini bölüşüb. Mütəxəssis Qaynarinfo-ya açıqlamasında adıçəkilənlərdən əlavə "Sabah”ın və digər komandaların durumundan da danışıb.
"Bu derbi oyunlardan biridir. Həm də çempionluq yolunda qazanılacaq 6 xala bərabər bir qarşılaşmadır. Xüsusən də "Neftçi” üçün çox vacibdir. Çünki arada xal fərqi çoxdur. Məğlub olarasa, mövsümün sonuna 20 tur qalsa da, "Qarabağ”a çatmaq müşkül məsələyə çevriləcək. Bu səbəbdən "Neftçi” üçün final oyununa bərabərdir. İndiki zamanda bundan istifadə etməyə gücləri çatar. Çünki "Qarabağ” iyuldan bəri bir tempdə gedir, stabil, dinamik futbol nümayiş etdirir. Oyunçuların həm klubda, millidə, kubokda, həm də avrokuboklarda, eyni zamanda ölkə çempionatında vuruşması, istər-istəməz "Qarabağ”ın gücünü alır. Yorğunluq mütləqdir, baxmayaraq ki, futbolçular arasında rotasiya edilir. Son oyunlar göstərir ki, "Qarabağ” pik formasından uzaqdadır. Bu da normaldır, bütün dünya klublarında olur. Ancaq "Qarabağ” bu enişi minimum itkilərlə başa vurmaq istəyir. Enişin bir yüksəlişi də var, buna müəyyən zaman ərzində keçəcəklər. İtkilər "Sabah”a, "Neftçi”yə qarşı bir motivasiyadır. Arxalarında nəfəs hiss edirlər. Ona görə də yaxşı, qarşılıqlı hücumlar şəraitində keçən bir oyun gözləyirəm. "Neftçi”nin göstərdiyi oyun nəzərəçarpan deyil ki, "Qarabağ”ın zəifliyindən istifadə edə biləcək gücdə olduğunu deyək. Yəni, "Neftçi” də stabil deyil. Sonuncu oyuna baxsaq görərik ki, inamlı oynamırlar. Bir çox futbolçular həm fiziki, taktiki, həm də oyun baxımından hələ ki, o səviyyədə deyil. Hər iki komandanın eniş dövrünə təsadüf edən bir oyundur. "Neftçi” çempionluq yarışından qopmamaq üçün hücum etməyə, qol vurmağa məcburdur. Ancaq "Qarabağ” onlara imkan verəcəkmi? Bu, ikinci məsələdir”, deyə Şahin Diniyev bildirib.
Mütəxəssis "Neftçi”nin son vaxtlar formadan uzaq olmasının səbəblərini göstərib və yeni baş məşqçinin gəlişindən sonra komandada hansı dəyişikliklər, özünəməxsusluq olub-olmaması haqda sualı cavablandırıb:
"Çempionatın başlanğıcında sürət, dinamika və taktika baxımından yaxşı oyunlar oldu. Bir neçə oyundan sonra komanda "düşdü”. Bilmirəm nə ilə əlaqədardır. Heyət yetərli deyilmi, bunu bilmirəm. "Neftçi” son vaxtlar parlaq oyun göstərmir. Bu, kənardan aydın hiss olunur. Həmin dinamik "Neftçi” deyil, hücumlarda rəngarənglik çatmır. Nə vaxta qədər mərkəz xətt oyunçuları hücumu öz üzərlərinə götürəcək? Götürməlidir, amma müəyyən vaxta qədər. Hücumda istədiklərini edə bilmirlər. Müdafiədə boşluqlar var. Ümumi bir şeydir. "Neftçi” komanda şəklində azarkeşlərin gözlədiyi futbolu oynaya bilmir. Taktika o vaxt görünür ki, komanda uğur qazanır, qələbələri sıralayır. Artıq burada məşqçinin "əl işi”, taktiki üsub görünür. Uğursuzluq olanda isə individual tərəflərdən, takikadan danışmaq mümkünsüzdür. Çünki yaxşı nəsə görmürsən. Təcrübənin hesabına orta və ya aşağı səviyyəli rəqiblərə qalib gələ bilirlər. Ancaq mübarizə apardıqları iki əsas rəqibə - "Qarabağ”a və "Sabah”a qarşı, uğursuzdurlar. Əlahiddə nəsə yoxdur”.
Veteran futbolçu "Sabah”ın birdən-birə yüksəlişinə, ilk pillələr uğrunda mübarizə aparmasına da toxunub:
"Səbəb tək bir şeydir - maliyyə. Başqa səbəb görmürəm. Əlbəttə, burada məşqçinin, futbolçuların əməyini yerə vurmaq niyyətində deyiləm. Hansısa böyük məsələləri həll etmək üçün çox maliyyə lazımdır. Maliyyə dayaqları möhkəm olmayan yerdə uğur qazanmaq mümkün deyil. Alınan futbolçular - istər yerli, istər legionerlər - yüksək səviyyəli olmalıdır. Bu gün "Sabah” heyət, ulduz futbolçular baxımından heç də "Qarabağ”la "Neftçi”dən geri qalmır. Düzdür, məşqçi işi də var, futbolçular yaxşı oyun göstərir. Ancaq onların arxasında maddi dəstək dayanır”.
Adətən "Sabah” kimi komandalar bir mövsümlük yüksəlişdən sonra uğursuzluq yaşayanda uzun müddət sabit qala bilmir və enişə keçir. Bəs Diniyev komandada belə bir halın yaşana biləcəyinin mümkün olub-olmaması haqda nə düşünür:
"Bu, baxır klubun strategiyasına. Bəzən olur ki, rəhbərlik hər şeyini kluba verir, amma nəsə alınmayanda küsür. Artıq həmin pulları xərcləmək istəmir. Son illər göstərir ki, "Sabah” rəhbərliyi bu günə qədər uğursuzluğa maliyyə dəstəyi verə-verə gəlir. Nəticəsini də görürlər. Pulun necə xərclənməsinin yolunu, stabilliyi tapıblar deyə bütün mövqelərə rəqabət aparan futbolçular yığışıb. Heyətdə oyunun taleyini həll edə bilən bir çox futbolçular var. "Sabah”ın "Qarabağ”ın strategiyasına yaxın iş görüb-görmədiyini zaman göstərəcək. Şəxsi fikirləri bilmirik. Amma görünən odur ki, "Sabah” bu yerə neçə illər ərzində gəlib çatıb. Birdən-birə hegemonluq etmək istəmirlər. Addım ata-ata, məşqçiləri, futbolçuları dəyişə-dəyişə gəlirlər”.
Maraqlıdır, məşqçi "Sabah”ın rusiyalı çalışdırıcısısı Murad Musayevin işi haqda nə düşünür? Onun hansısa xüsusi bacarığı olduğunu görürmü:
"Məşqçi işi, komandanın nə etmək istədiyi görünür. Bunu etiraf etmək lazımdır. Prinsipial bir məqam var - müdafiədən hücuma sürətli keçirlər. Problemlər də mövcuddur. Oturuşmuş müdafiəni yarmaqda çətinliklər çəkirlər. "Şamaxı”, "Turan Tovuz” kimi müdafiədə "avtobus” quran komandalara qarşı oynamaq problemi böyükdür. Bu hər dəfə alınmır. Ancaq açıq futbol oynayanda "Sabah” çox yaxşı çıxış edir. Komandanın ən böyük üstünlüyü müdafiədən hücuma sürətli çıxmasıdır. Bunu elə edirlər ki, rəqib müdafiəni qurmaqda çətinlik çəkir. Yəni, dağılmış müdafiəni asan şəkildə yara bilirlər. Oturuşmuş müdafiəni hansı şəkildə, standart vəziyyətlərdənmi, yaxud oyunçuların fərdi bacarıqları hesabına yarmaq artıq məşqçinin işidir. Yəqin ki, bunun üzərində işləyəcəklər. "Qarabağ”la oyunda rəqib formada olsaydı, xal almaq çətinlik yaradacaqdı. Həmin matçda məhz "Sabah” üstün oynadı”.
Səbuhi Həsənov
Şərhlər