Avropa çempionatının seçmə mərhələ oyunları səbəbindən ölkə çempionatlarında fasilə yaranıb. Hazırda bütün diqqətlər millilərə, onların qazanacaqları nəticələrə yönəlib. Əslində, böyük, təcrübəli yığmalar bu mərhələlərdə heç də ciddi narahatlıq keçirmir. Çünki işlərini bilirlər, sistemləri, oturuşmuş oyun üslubları var. Nə edəcəklərini çox gözəl anlayırlar.
Narahat olan, millilərimizin yaxşı nəticələr qazanmasını istəyən, bunun üçün hər gün müzakirələr aparan bizlər, yəni, kiçik və uğura ac ölkələrin futbol ictimaiyyətinin nümayəndələridir. Hər gün ümidlə yaşayırıq, açıqlanan heyəti müzakirə edirik, futbolçuların milliyə layiq olub-olmadığı haqda fikirlərimizi bölüşürük, mütəxəssisləri dinləyirik…
Təbii, yığmanın hazırlığına məhz baş məşqçilər cavabdehlik daşıyır. Yəni komanda əllərinin altında olduğuna görə, onların söylədiklərinə əsasən fikirlər formalaşır, müzakirələr aparılır. Ancaq, məsələ burasındadır ki, Berti Foqts da daxil olmaqla illərdir millimizə təyin olunan məşqçilər hamısı yalan danışıb, bizi aldadıb və aldatmaqda davam edirlər. Bizə deyilən sözlər, verilən ümidlər hamısı yalandır. Özü də gözümüzün içinə baxa-baxa, onların yalan danışdıqlarını başa düşdüyümüzü bildiklərinə rəğmən, yenə öz utopiyalarını beyinlərimizə yeritməyə çalışırlar. Bu səbəbdəndir ki, milliyə böyük ümidlərlə təyin olunan əcnəbi baş məşqçilərin dediklərinə, verdikləri sözlərə heç birimiz inanmırıq. Əslində, bunu özləri də bilirlər. Bilirlər ki, onlara inamımız qalmayıb. Mətbuatda yazılanlardan da çox güman xəbərləri var. Ən böyük yalanları da inkişafla bağlı dedikləridir.
Xatırlayırsızsa, altı il yığmamızın sükanı arxasında olmuş alman Berti Foqts dəfələrlə "Azərbaycan ildən-ilə, gündən-günə daha da inkişaf edir", "İstedadlı uşaqlar yetişir" və sair kimi sözlər işlədirdi. Sonra Prosineçki gəldi, o da eyni fikirləri səsləndirdi. Yurçeviç də həmkarlarından geri qalmadı, millimizin hər gün daha da inkişaf etməsi, istedadlı uşaqların olduğunu və yaxın illərdə nəticələr verəcəyimizlə bağlı sözlər dilindən düşmürdü.
AVRO-2024-ün seçmə mərhələsində bundan əvvəlki matçlarda İsveçə 0:5, Avstriyaya 1:4 hesabı ilə məğlub olan, Estoniya ilə 1:1 oynayan millimizin baş məşqçisi De Byazi də ötən gün İtaliya mətbuatına açıqlama verib. O da özündən əvvəlki məşqçilərdən fərqli heç nə danışmayıb. Yəni, gündən-günə, ildən-ilə inkişaf etdiyimizi deyib. Həmin məşqçilərin dediklərini, millimizdə qaldığı müddəti nəzərə alsaq, məntiqlə indi ən azı dünya və ya Avropa çempionatının qruplarında mübarizə aparmalı idik. Bəs hanı o istedadlı uşaqlar? Niyə üzə çıxmırlar? Niyə millilərə dəvət almırlar? Nə üçün hər dəfə məşqçilər futbolçu qıtlığından şikayətlənirlər? Hanı o inkişaf? Yoxdur, deməli, De Byazi də daxil, hamısı yalan danışırlar, baş məşqçi postunda qalmaq, pul qazanmaq üçün özlərini belə "şirin sözlər”lə gözə soxmaq istəyirlər. Bu isə təbii ki, bizim üçün keçərli deyil, olmayacaq. Ta ki, istədiyimizi, millinin uzunmüddətli tərifəlayiq oyununu, ən azı final mərhələsində mübarizə apardığını görənə qədər…
Səbuhi Həsənov
Şərhlər