Xəbər lenti

Nüfuzunu “İrəvan”ın pulu üçün xərcləyən Süleymanov
Səbuhi Həsənov
İdman 10:00 19.10.2023

Nüfuzunu “İrəvan”ın pulu üçün xərcləyən Süleymanov

Birinci Liqaya böyük ümidlərlə gələn "İrəvan”ın çempionatın başlamasından çox vaxt keçməsinə baxmayaraq, əsl üzü ortaya çıxdı. Peşəkar Futbol Liqası qədim Azərbaycan torpağının adını daşıyan bu klubun Birinci Liqada iştirakını təsdiqləyəndə ölkə futbolunda yeni səhifə açıldığına və bunun xüsusi bir layihə olduğuna hamı sevinclə yanaşdı. Amma çox keçmədən rəhbərlik atdığı addımlarla klubu rəzalətə doğru sürükləməyə başladı. 

Bir neçə gün öncə mətbuatda komanda üzvlərinin oyunları və məşqləri boykot etməsi haqda xəbərlər yayıldı. Buna səbəb kimi futbolçuların klubdan məvaciblərini ala bilməməsi göstərildi. Daha sonra komanda üzvləri verdiyi açıqlamalarla həqiqətən pul problemi olduğunu təsdiqlədilər. Nəhayət, Peşəkar Futbol Liqasının açıqladığı məlumat da dolayısı ilə mətbuatda yayılan xəbərlərin bir təsdiqi oldu. Məsələ burasındadır ki, ötən gün Birinci Liqada baş tutmalı olan "İmişli” - "İrəvan” qarşılaşması  qonaqlar oyuna gəlmədiyi üçün keçirilmədi. PFL "İrəvan”ın matça gəlmə səbəbi haqda heç nə yazmasa da, hər şey gün kimi aydındır…

Yəni, demək ki, Birinci Liqaya qoşulanda "Böyük layihə”, "gələcək”, "perspektiv” kimi pafoslu vədlər verilməsi, sadəcə gözdən pərdə asmaq və ya çempionata qəbul edilmək üçün ortaya qoyulan "strategiya” idi. Futbolçuların maaşlarını verə bilməyən və ya bunu istəməyən, dövlətin ayırdığı pulları kimlərinsə ciblərinə yönəltmək niyyəti ilə yaradılan klubun rəhbərliyinin bu düşüncə ilə heç nəyə nail olmayacağı öz yerində. Amma başqalarını bilmirəm, şəxsən məni narahat edən bir məqam var.

"İrəvan”ın baş məşqçisi Azərbaycan futbolunun korifeylərindən olan, keçmiş futbolçumuz Nazim Süleymanovdur. Hansı ki, ölkə futbolunun keçmişi deyəndə ağıla gələn ilk məşhur simalardandır. Adından söz etdirmiş, xaricdə oynamış, Rusiya futbol tarixinin bombardirləri siyahısında yer alan, "Alaniya”nın heyətində ölkə çempionu olan, minlərlə azərbaycanlı futbolsevərin rəğbətini qazanmış Süleymanov. Azərbaycan hüdudlarından da kənarda yetərincə tanınan keçmiş futbolçu bu gün "İrəvan”da müəyyən miqdar pula görə nüfuzunu xərcləməkdədir. Karyerası "yumurtadan dünən çıxan” "İrəvan”dan böyük olan Süleymanov bu gün sanki Birinci Liqa klubundan asılı vəziyyətdədir. Hə-ə, onun futbolumuza xidmət etmək istəyi başadüşülən və normaldır. Neçə illərdir AFFA ilə aralarındakı münasibətə görə (bunu özü də açıqlamışdı) futboldan didərgin salınan keçmiş futbolçunun bütün çətinliklərə rəğmən, can yandırmaq istəyi alqışalayiqdir. Ancaq niyə "İrəvan”da? Oyunçularına hörmətsizlik edən, futbolumuza xidmət göstərmək əvəzinə başqa niyyətlər güdən klub ətrafında gedən söz-söhbətlərə rəğmən, Süleymanov niyə hələ də postunda qalır? Düşünürəm ki, özünə, karyerasına, şöhrətinə hörmət edən bir məşqçi belə mühitdə bir gün də qalmaz. Qalırsa, deməli, xaraktersizdir, özgüvəni sıfıra bərabərdir. Hə, səbəb işsizlik problemidirsə, Süleymanova qapı açacaq digər Birinci Liqa klubları mövcuddur. Nə deyim, beynimdə bir sual, həm də cavab dolaşır, "İrəvan”ın pulu üçün nüfuz xərcləməyə dəyərmi? - Məncə yox… 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->