Ötən şənbə "Turan Tovuz”la matçda "Sabah”ın "sükanı” arxasında Musayevin yoxluğu özünü aşkar göstərdi. Hətta oyunsonrası mətbuat konfransında komandanın məşqçisi Ruslan Qafitullin də bunu təsdiqlədi. Masazırda baş tutan görüşdə meydanda, belə demək mümkünsə, ruhsuz, yiyəsiz, nə oynadığını bilməyən, məqsədsiz görünən komanda vardı…
Bu mövsüm istənilən kimi çıxış edə bilməyən "Sabah” uğursuzluğun açarını Murad Musayevdə gördü. Azərbaycan Kubokunda "Qarabağ”a 1:7 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi xoşbəxtliyi onunla yolları ayırmaqda axtarmağa çalışdı. Əlbəttə, bir məşqçi hər zaman belə vəziyyətə hazır olmalıdır. Çünki bu gün haradasa varsan, sabah yox. Ələləxsus da Azərbaycanda. Hansı ki, ölkədə uğursuzluğa düçar olan klublarda həmişə ən böyük günahlar baş məşqçilərdə görülür. Bir növ klubların məşqçiləri əlcək kimi dəyişdirdiyi Türkiyə modeli desəm, yanılmaram. Prezidentlər və ya klub rəhbərliyində təmsil olunan digər şəxslər isə özlərini həmişə "süddən çıxmış ağ qaşıq” kimi qələmə veriblər. Elə "Sabah”dakı kimi…
Musayevin gedişi ölkə futbol ictimaiyyətində birmənalı qarşılanmadı. Bunu da müşahidə etmək mümkündür ki, əksəriyyət məhz bütün günahları rusiyalı mütəxəssisdə görür. Halbuki həmin "əksəriyyət” keçən mövsüm "Sabah” Premyer Liqada meydan sulayanda, "Qarabağ”a ciddi şəkildə müqavimət göstərəndə, həm Musayevə, həm də onun kollektivinə təriflər yağdırırdı. Söz yox, o, top-məşqçi deyil, amma…
Rusiyalının keçənilki "Sabah”ı niyə "Qarabağ”la başabaş mübarizə aparırdı? Çünki heyətdə kifayət qədər yaxşı futbolçular vardı və ən əsası da bir-birini əla başa düşürdülər. Sistem qurulmuşdu, inkişaf gedirdi. Sabaha da ümidlər vardı. Lakin həm də pərdəarxasında oyunlar gedirdi. Məsələn, klub prezidenti Maqsud Adıgözəlov baş məşqçinin arxasından dəymək üçün hər cür vasitəyə cəhd edirdi. Sən komandanın aparıcı futbolçularını sat, qov, hansısa yolla göndər ölkəsinə, heyəti zəiflət, gedənlərin əvəzinə isə normal transferlər etmə… Sonra da de ki, baş məşqçi bacarmadı. Harda görünüb ki, məşqçi özü güclü olsa belə, zəifləmiş heyətlə çempionluq yaşasın, ÇL-in qrupunda, Avropa və ya dünya çempionatlarında böyük nəticələr qazansın? Ki bunun da baş verməsi mümkündür, amma çox-çox nadir hallarda. Yəni bəzilərinin məntiqinə görə, keçənilki uğuru təkrarlamırsa, deməli, Musayev yaxşı, savadlı məşqçi deyilmiş. Əlbəttə, hər kəsin öz fikri var. Amma bu məntiq mənə görə çox gülməli gəlir. Klub prezidenti Musayevə komandanı formalaşdırmaq üçün nə qədər vaxt verdi ki, yaxşı nəticə də tələb etsin? Hərçənd məşqçi ona verilən şansdan da kifayət qədər yaxşı istifadə etdi və yəqin ki, bu fikirlərlə razılaşanların sayı az olmayacaq. Bəlkə Adıgözəlov düşünür ki, kluba böyük pullar ayrılırsa, şərait yaradılırsa, mütləq çempion olmalıdır.
Musayevi şişirdib böyük məşqçilərin sırasına qoymaq fikrindən uzağam. Hər kəsin özünə görə bacarığı, məşqçi baxışı, fəlsəfəsi var və bunlar zaman-zaman müəyyən komandalarda önə çıxır. Musayev, əlbəttə, Maurinyo, Qvardiola, Yurgen Klopp, Karlo Ançelotti, Zinəddin Zidan səviyyəsində deyil və bu birmənalıdır. Ancaq Azərbaycana gəlib-getmiş mütəxəsislər içində müsbət qiymətə haqqı çatırdı. Çünki az da olsa rəqabət yaratmışdı və artıq "Qarabağ” tək deyildi. Lakin rəhbərlik ona maneə yaratdı, doğru-düzgün çalışmasına yol vermədi, güvənmədi. Nəticədə Maqsud (yeri gəlmişkən, bu adın ərbəcədən tərcüməsi "məqsəd”, "niyyət”, "arzu edilən” deməkdir) məqsədinə çatdı, "Sabah”ın isə adı gözəl olsa da, sabahı qaranlıqdır…
Səbuhi Həsənov
Şərhlər